- İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyət verilir. Məzuniyyətin müddəti və hesablanması qaydası Qarabağ və Şəqrqi Zəngəzurda tətbiq edilən vergi və sosial güzəştlər əsasında müəyyən edilir.
"Vətən səsi" xəbər verir ki, Əmək Məcəlləsinə edilmiş əlavələrdən biri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti" adlı 118-1-ci maddədir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçi məsul vəzifədə çalışdığı üçün 30 təqvim günü müddətinə əsas əmək məzuniyyəti hüququna malikdir. Həmin Məcəllənin 116-cı maddəsində göstərilir ki, işçinin on beş ildən çox əmək staji varsa, bu halda ona 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, 14 yaşadək üç və daha çox uşağı olan qadınların 5 təqvim günü müddətinə əlavə məzuniyyət hüquqları vardır. Uşaqlarını təkbaşına böyüdən atalar da bu maddədə nəzərdə tutulan məzuniyyət hüquqlarına malikdirlər.
Beləliklə, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ümumi əmək stajı 15 ildən çox olduqda həmin şəxslərin məzuniyyəti ən azı 41 gün təşkil etməlidir.
Elxan SALAHOV