Bu gün Şanlı Zəfər tariximizə qanıyla adını həkk edən baş leytenant, şəhid Əlimərdan Fəttah oğlu Quluzadənin doğum günüdür. O, 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya göz açıb. 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2011-ci ildə isə Heydər Əliyev adına hərbi akademiyaya daxil olub. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbəsini qazanıb. 2016-cı il Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı bir çox ərazilərdə, sonda isə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Qəhrəman topçu Əlimərdan Quluzadə oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhadətə ucalıb. Şəhidimiz Masallı rayonunun Birinci Yeddioymaq kəndində böyük bir izdihmla dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhhrəman şəhidim!
Mina RƏŞİD