Murad Hüseyn oğlu Əliyev 2001-ci il martın 13-də Binə qəsəbəsində anadan olub. 2007-ci ildə qəsəbədə yerləşən 136 saylı məktəbin birinci sinfinə daxil olub. Oranı bitirdikdən sonra qəsəbədə yerləşən 101 saylı Peşə Liseyinə daxil olub. 2019-cu ilin aprel ayında hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Murad Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin əvvəlindən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda qəhrəmanlıq nümayiş etdirib. Hərbi əməliyyatlarda fərqlənən Muradın axırıncı döyüşü Şuşanın azad olunamsı uğrunda olub. 2020-ci il noyabrın 5-də Şuşanın dağlı, aşırımlı yollarında düşmənə aman vermədən vuruşub və bu ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Anası Heyhanə xanım dediyinə görə, Murad oktyabrın 31-də evlərinə zəng edib, ailə üzvləri ilə deyib-gülüb, zaravatlaşıb. Söhbət əsnasında valideynlərinə hər şeyin yaxşı olduğunu, tezliklə qələbə sorağı ilə dönəcəyini bildirib. Bu isə onun son zəngi olub. “O gündən sonra daha ondan zəng gəlmədi, onun səsini eşitmədik”,-deyir qəhrəmanımızın anası.
Murad Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ