15.09.2025, 14:59
AZ EN
05.02.2024, 12:22 407

Şuşada şəhadətə ucalan Taleh

XƏBƏRLƏR
  • Taleh maşın arzusundaydı. Nəhayət çalışıb özünə maşın almışdı. Bir gün əlində böyük bir Azərbaycan bayrağı evə gəldi. Taleh üçrəngli bayrağımızla bəzədiyi həmin maşını ilə bir ay sonra Vətən müharibəsinə yollandı. Anası deyir ki, müharibəyə elə bir həyəcanla, fərəhlə getdi ki, heç xörək də yemədi. O, müharibədə düz sona qədər, Zəfər gününə qədər düşmənlə savaşdı. Müharibənin son günündə, torpaqlarımız işğaldan azad edilib qələbə çadığımız bir vaxtda Şuşada qəhrəmancasına şəhadətə ucaldı. Onun nəşi xeyli tapılmadı. Nəhayət dekabrın 25-də ailəsinə şəhid olduğu barədə məlumat çatdırıldı.

Anası deyir ki, Taleh heç vaxt əziyyətini onlara bildirməzdi, istəməzdi ki, doğmaları ona görə narahat olsunlar. Anası ondan çox razılıqla danışır. Deyir ki, hələ bir dəfə də övladı onu incitməyib. Biz onunla fəxr edirik.   

Taleh Fərhad oğlu Daşdəmirov 1998-ci il fevralın 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 2001-ci ildə ailəsi ilə birgə Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçüb. 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbdə təhsil alıb.
Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlanması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Taleh Daşdəmirov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət onun nəşi tapılmayıb.

Şəhidimiz 2020-ci il dekabrın 26-da doğulduğu Şəki rayonunun Qoxmuq kəndində böyük izdihamla dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Taleh Daşdəmirov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər