Azərbaycanda yanğın təhlükəsizliyi xidmətinin yaranması XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı olub. 1884-cü il yanvarın 11-də Bakı şəhər Duması yanğın komandasının yaradılması haqqında qərar qəbul edib.
Azərbaycan Demokratik Respublikasının elan olunmasından sonra 1918-ci il 10 oktyabr tarixli qərarla Bakı Şəhər İdarəsi təsərrüfat şöbəsinin tabeçiliyinə keçən şəhərin yeganə yanğın komandasının dövlət sistemindəki rəsmi yeri ilk dəfə müəyyən edilib.
Azərbaycan müstəqillik qazandıqdan sonra yanğın təhlükəsizliyi xidməti sürətlə inkişaf edərək, Nazirlər Kabinetinin 1996–cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın Texniki Məktəbi təsis edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə keçən Yanğından Mühafizə Xidmətinin əsasında Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri təşkil edilib və onların müasir texnika ilə təchizatı, təminatı, eləcə də yeni yanğın depolarının inşası prosesi geniş vüsət alıb.
Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan maddə, material, mal və məhsulların sertifikat sınaqlarının keçirilməsi, habelə elmi-texniki yeniliklərin tətbiqi, yanğınların tədqiq və başvermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə Xidmətinin tabeçiliyində Yanğınların Tədqiqati və Sınaq Laboratoriyası yaradılıb.
Prezident İlham Əliyevin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə Bakı Yanğın Texniki Məktəbinin bazasında Fövqəladə Hallar Nazirliyi Akademiyası yaradılıb.
Hazırladı: Mina RƏŞİD