Bu gün qəhrəman şəhidimiz mayor Müseyib Saleh oğlu Zeynalovun doğum günüdür. O, 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub. C.Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Ali Hərbi Məktəbdə 12 il dərs deyib. Yüzlərlə zabitin hazırlanmasında əməyi olan M.Zeynalov öz xahişi ilə ön cəbhədə xidmətini davam etdirib. 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə Müseyib Zeynalov xidmət müddətinin başa çatması ilə əlaqədar "mayor" rütbəsində ehtiyata buraxılıb.
Museyib Zeynalov İkinci Vətən müharibəsi zamanı ehtiyatda olan mayor kimi dərhal öz xahişi ilə döyüşlərə qatılıb. O, Qubadlı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi beş gün netral zonada qaldıqdan sonra ailəsinə təhvil verilib.
Şəhidimiz doğma Salyanda böyük izdiham və el məhəbbəti ilə torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Museyib Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Museyib Zeynalovun bacısı Ulduzə xanım qardaşı haqqında deyir ki, qızğın döyüş olub. Qardaşım əsgərlərini qorumaq üçün PK ilə irəli atılıb və gülləsi bitənədək döyüşüb. Yüzlərlə peşəkar zabitin yetişməsində rolu olub. Bu illər ərzində 3-cü, 2-ci və 1-ci dərəcəli qüsursuz xidmətə görə medalları ilə təltif olunub.
Sentyabrın 29-da müharibəyə yola düşdü. Mənim xəbərim yox idi. Bu barədə bacımdan eşitdim. Tez qardaşıma zəng vurdum. Dedi ki, narahat olma, hər şey yaxşıdır. Özümü saxlaya bilməyib, ağladım. Sözlər boğazımda ilişib qaldı. Elə bil, nəsə olacağı ürəyimə dammışdı. Bir neçə dəfə danışa bildik. Biz zəng edəndə telefonu bağlı olurdu. Ardınca özü zəng edirdi. Sonralar mən onun səsini eşidə bilmədim. Amma anamla danışırdı. Müseyib general Polad Həşimov şəhid olduğu gün özünə yer tapa bilmirdi. Çox darıxırdı. Çünki Aprel döyüşlərində birlikdə vuruşmuşdular. Qardaşım general-mayor barədə həmişə fərəhlə, ağızdolusu danışırdı. Həmin hərbi əməliyyatlardan sonra istefaya çıxmışdı. Amma müharibə başlayanda dayana bilmədi və yenidən mundir geyindi.
Sonuncu dəfə oktyabrın 29-da əlaqə saxladıq. Anama Qubadlıda olduğunu dedi. Söylədi ki, buralar çox gözəldi, müharibədən sonra ev alıb, yaşayarıq. Daha xəbər tuta bilmədik. Sadəcə qızğın döyüşlər getdiyi və Müseyibgilin dəstəsinin şəhid olması ilə bağlı məlumat yayılmışdı.
Eşitdiyimizə görə polkovnik-leytenant Nail Orucovla birlikdə dəstəyə rəhbərlik edib. Minomyot atəşi nəticəsində həmin komandir şəhid olduqdan sonra qardaşım komandaya tək başına rəhbərlik edib. Təpələrdən birində ermənilərlə qarşı-qarşıya gəliblər. Qızğın döyüş olub. Qardaşım əsgərlərini qorumaq üçün PK ilə irəli atılıb və gülləsi bitənədək döyüşüb. Minomyot partlaması ilə şəhadətə qovuşub. Biz bu xəbəri noyabrın 5-də bildik. Düz beş gün neytral ərazidə qaldıqdan sonra, nəhayət, kömək qüvvə gəlib və çıxarılıb. Ətrafında 70-dən çox erməni meyiti sayıblar. O, çox gülərüz insan idi. Beş bacının bir qardaşı, arxamız, dayağımız idi.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD