23.11.2024, 00:49
AZ EN
26.01.2024, 09:49 120

Tanıyaq və tanıdaq

XƏBƏRLƏR
  • Bu gün Qərbi Azərbaycan toponomikasının tədqiqi, təbliği və tədrisində bir məktəb olan filologiya elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Bayramovun şərəfli və mənalı ömrünün 70 ili tamam olur.

İbrahim Bayramov 25 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın  Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1961-ci ildə Toxluca kənd orta məktəbinin I sinfinə qəbul olunmuş, 1971-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1971-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda yerləşən X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan şöbəsinin I kursuna qəbul olunmuş, 1975-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə olarkən Filologiya fakültəsinin Azərbaycan bölməsinin Tələbə Elmi Cəmiyyətinin sədri  olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. İki ildən sonra, 1977-ci ildə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına qəbul olmuşdur. 1977-1981-ci illərdə aspiranturada oxumuşdur. 1986-cı ildə “Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları” (leksika və frazeologiya) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1987-1988-ci illərdə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində direktor işləmişdir. 1988-ci ilin dekabrında Ermənistandan -doğulub boya-başa çatdığı doğma yurdundan deportasiya olunmuşdur. 1989-1993-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) Azərbaycan və rus dili kafedrasında baş laborant işləmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dilinin onomalogiyası” elmi-tədqiqat laboratoriyasına müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsini tutmuş, az sonra Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edilmişdir. 12 dekabr 1995-ci ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmişdir. 2001-2003-cü illərdə ADPU TEC-nin sədri, 2002-ci ilin mart ayının 9-dan 2003-cü ilin sentyabrın 23-nə kimi ADPU-nun İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı işləmişdir. 4 iyun 2003-cü ildən ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyib. Hazırda ADPU-nun Elm-təşkilatı şöbənin müdiridir. 2007-2012, 2014-2018-ci illərdə ADPU-da tələbə qəbulu üzrə məsul katib vəzifəsini yerinə yetirmişdir. 2005-2007-ci illərdə ADPU-nun tədris-metodika şöbəsinin müdiri, 2003-2007-ci illərdə universitetin Elmi şurasının elmi katibi vəzifələrini də icra etmişdir. 2007-ci ilin oktyabrın 9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dissertasiya Şurasında “Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik analizi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasına professor vəzifəsinə seçilmişdir. O, 2002 - 2016 -cı  illərdə ADPU-nun Elmi Şurasının, 2006-2009 -cu, 2017-2018- ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının, 2009-2016 -cı illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur.  Hazırda bu fəaliyyətini davam etdirir. O, “Azərbaycan dili” ixtisasının magistr səviyyəsi üzrə 1 proqramın, “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” (1995), “Историческая география Западного Азербайджана” (kollektiv,1998), “Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi yolları” (1999), “Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti” (2000), “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (2002), “Qərbi Azərbaycanın toponimlər sistemi” (2005), “Qərbi Azərbaycan şivələrinin leksikası”(2010), “Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti”, “Həqiqətin onomastikası” (2021)  monoqrafiyalarının və 150-dən çox  elmi məqalənin müəllifidir. 

İbrahim Bayramov 2021-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər