19.10.2024, 16:24
AZ EN
19.01.2024, 11:54 293

Onun nəşi çox gec tapıldı...

XƏBƏRLƏR
  • Orxan çox işgüzar oğlan idi, əlindən gələni edirdi. Məktəbdə də, dərslərini yaxşı oxumuşdu, anası valideyn iclaslarına həmişə fərəhlə gedirdi, bilirdi ki, övladından heç bir şikayət eşitməyəcək. Orxan Şanlı Vətən Müharibəsində elə ilk günlərdə Murovdağ istiqamətində şəhadətə ucaldı. Onun nəşi çox gec tapıldı. Anası deyir ki, bir ana üçün balasının məzarının belə olmaması daha böyük müsibətdi. İndi heç olmasa onun mazarı üstünə gedib ürəyimi bir az sakitləşdirə bilirəm...    

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Yusubov Orxan Allahverdi oğlunun doğum günüdür. O, 1992-ci il yanvarın 19-da Gəncə şəhərində doğulub. 1999-2010-cu illərdə Gəncə şəhər 26 nömrəli Fizika-Riyaziyyat - İnformatika təmayüllü məktəb–liseydə təhsil alıb. 
2010-cu ildə Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub. 
2010-cu ildə hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib, 2012-ci ildə həqiqi hərbi xidmətini fərqlənmə ilə başa vurub. Orxan Gəncə şəhərində yerləşən “Bolmart” marketdə administrator vəzifəsində çalışırdı. 

Orxan Yusubov 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb.

Orxan Yusubov müharibənin ilk və həlledici günlərində - sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi uzun müddət tapılmadığına görə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Nəhayət Orxan Yusubovun nəşi 3 iyun 2021-ci ildə tapılaraq, ailəsinə təhvil verilib. 
Şəhidimiz 2021-ci il iyunun 4-də Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yusubov Orxan Allahverdi oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD 

Oxşar xəbərlər