Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Alməmməd Qərib oğlu Babayevin doğum günüdür. O, 2000-ci il noyabrın 23-də Salyan rayonunun Sarvan kəndində anadan olub. Sarvan kənd tam orta məktəbində təhsil alıb. Onlar ailədə 4 qardaş olub, çətinliklə böyüyüblər. Alməmməd hərbi xidmətini Ağdam-Ağcabədi ərazisində başa vurub. Hərbi xidməti dövründə layiqli bir əsgər olub. Onun hərbə olan həvəsi yenidən MAXE kimi ordu sıralarına qayıtmasına təkan verib.
Azərbaycan Ordusunun əsgəri olan Alməmməd Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Alməmməd Babayev sentyabrın 29-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Salyan rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Alməmməd Babayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Alməmməd balamız!
Mina RƏŞİD