İşini həssaslıqla sevən Klara həkim bütün ömrünü peşəsinə həsr edib. Daim öz üzərində çalışaraq, ixtisası ilə bağlı xarici ədəbiyyatları mütaliə edərək peşəsinin incəliklərinə dərindən yiyələnib. Neçə-neçə qadının sağlam uşaq dünyaya gətirməsinə və bir çox ağır xəstələrin həyata qaytarılmasına nail olub. Sevindirici haldır ki, onun fəaliyyəti dövründə pasiyentləri arasında ana ölümü halına rast gəlinməyib.
O təkcə ginekoloq kimi yox, həmçinin pediatr kimi yenidoğulmuşlarla da məşğul olaraq onların tam sağlam formalaşmasına böyük əmək sərf edirdi. Hər kəsin hörmət və sevgisini qazanan təcrübəli həkim Klara Adıgözəlova təkcə Qubadlı rayonunda deyil, qonşu Zəngilan və Laçın rayonlarında da böyük şöhrət qazanmışdı.
Klara həkim xidmətlərinə görə “Əməkdar həkim”, “Əmək veteranı” kimi adlara layiq görülüb.
1992-1993-cü illərdə müharibə vəziyyəti ilə əlaqədar olaraq o, Xanlıq kəndində yerləşən hospitalda çox çətin şəraitdə fəaliyyətini davam etdirib. O dövrdə o, qadınların doğuşunu hospitalın zirzəmisində qəbul edərək, burada həm də yaralılara tibbi xidmət göstərən cərrahlara kömək edirdi.
1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Klara Adıgözəlova Bakı şəhərində məskunlaşıb. Burada o Suraxanı rayonu 4 nömrəli Qadın Məsləhətxanasının müdiri kimi fəaliyyət göstərib. 2003-cü ildən 2015-ci ilə qədər isə o, “AzərsuTikinti” xəstəxanasında ginekoloq kimi çalışıb.
Klara Adıgözəlova 2017-ci il fevralın 3-də vəfat edib.
Tahirə AĞAMİRZƏ