23.12.2024, 08:18
AZ EN
03.04.2022, 15:30 901

Vətən müharibəsi şəhidi İlyas Nəsirovun xatirəsi əbədiləşdirilib

XƏBƏRLƏR

Beyləqan rayonunun Milabad qəsəbəsində şəhid Nəsirov İlyas Arzuman oğlunun xatirəsinə inşa edilən dayanacağın açılışı olub.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, rayon icra hakimiyyəti başçısının ərazi inzibati nümayəndəliyi, şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, şəhid ailələri, rayonun idarə, müəssisə rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şagirdlərin ifasında Vətənə və şəhidlərə həsr edilən şeir kompozisiyası nümayiş olunub. Çıxış edənlər şəhid İlyas Nəsirovun Vətənə həsr etdiyi şərəfli ömür yolundan danışıb. Bildirilib ki, İlyas 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. Hələ uşaq yaşlarından hərb sənətinə marağı olan İlyas həm də idmançı olub. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan İlyas daha sonra müddətdən artıq xidmət edən hərbçi kimi Vətən keşiyində dayanıb və ömrünün 17 ilini Vətənə həsr edib.

Vurğulanıb ki, İlyas Vətən müharibəsində Qələbəmiz uğrunda canını qurban verərək şəhid olan qəhrəmanlarımızdan biridir. Şəhid kəşfiyyatçı İlyas ömrünün çox hissəsini Vətənə həsr edib və nəhayət, canını torpaq uğrunda fəda edib, uzun və şərəfli döyüş yolu keçib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Kəşfiyyat Bölməsinin giziri olan İlyas Nəsirov vaxtının çox hissəsini gecə kəşfiyyatı təlimlərinə sərf edib. Döyüş yolu hələ Aprel zəfərindən keçən İlyas həmin vaxt yaralı komandirini mühasirədən xilas edib və saysız-hesabsız qəhrəmanlıqlar göstərib. İlyas Aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub və bu mükafatı dövlətimizin başçısı İlham Əliyev şəxsən özü təqdim edib. Bundan başqa, İlyas Nəsirov xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib. Vətən müharibəsində də igidlik nümayiş etdirən İlyas kəşfiyyat bölməsi ilə birlikdə saysız uğurlar əldə edib, döyüşlərdə bir an belə geri çəkilməyən igid qəhrəman kəşfiyyatçı kimi həmişə ən ön cəbhədə yer alıb.

İlyas Nəsirov Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının azadlığı uğrunda döyüş tapşırıqları zamanı bir çox yaşayış məntəqələrin, strateji yüksəkliklərin azad olunmasında xüsusi şücaəti ilə seçilib. İlyas və kəşfiyyatçı döyüş yoldaşları düşmən arxasına keçməklə bir çox uğurlu tapşırıqlar icra edib. 2020-ci il oktyabrın 21-də Qubadlı istiqamətində gedən gərgin döyüşlər zamanı İlyas qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsi zamanı döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə İlyas Nəsirov ölümündən sonra “Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər