Meşəli kəndinin 9 nəfər ailə üzvləri də məhz bu qatı cinayətkar Vaqif Xaçaturyanın başçılığı ilə qətlə yetirilmişdir.
Laçın sərhəd-buraxılış məntəqəsində cinayətkar Vaqif Xaçaturyan Azərbaycan Hüquq Mühafizə Orqanları tərəfindən həbs olunması necə deyərlər, haqqın yerini tapması deməkdir. Çünki bu cinayətkar Xocalıda, Meşəli kəndində qatı cinayətlərə başçılıq edib ağır qətliamlar törətmişdi. Əli minlərlə azərbaycanlının qanına bulaşmış erməni qulduru Laçın sərhəd-keçid məntəqəsindən ələ keçiriləndən sonra Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində 9 nəfər ailə üzvlərini faciəli şəkildə itirən ailənin İctimai televiziyada çıxışlarını ürəkağrısı ilə dinlədik. Nurməmmədovların gəlini Çiçək Novruzova o qanlı hadisəni ürəkağrısıyla, göz yaşları içində danışır, o qanlı günləri xatırladıqca qəhər boğazına tıxanır, sözünün ardını gətirə bilmir. Axı, hər iki ailəsindən olan doğmaları gözünün qabağındaca qətlə yetirilmişdi. Çiçək Nurməmmədova deyir ki, qardaşımı girov götürdülər, aparırdılar ki, ermənilərin gözünün qabağında işgəncə versinlər. Amma qardaşım əli bağlı olsa da qaça bilmişdi. Atamı evdə yandırdılar, anamı həyətimizdə vurdular, içi mal-heyvanla dolan olan tövləmizi yandırdılar. Bacımın birini həyətdə güllələdilər və əlavə edir ki, çox dəhşətli bir gün, qanlı bir səhər idi. O mənzərəni təsvir etmək ümkün deyil. Qardaşımın biri polis əməkdaşı idi. 22 yaşı vardı. O, həmin gecə postdaydı, döyüşə-döyüşə xəbər verdi ki, ermənilər kəndə hücum edib. O xəbər verənə kimi atamgilin qapısına yüzə yaxın əli silahlı erməni tökülmüşdü ki, ailəni təmiz qırsınlar, əsir götürsünlər...
İbrahim Nurməmmədov deyir ki, səhər-səhər ilk güllə atama dəydi. Bacısı oğlu Əlinin “UAZ” maşını vardı, atamı qoydu maşına, o biri bacısı oğlu Əli də gəldi, yəni iki Əlilər dayılarını xəstəxanaya aparırdılar, anam da oturdu maşına. Kəndin çıxacağında Harduş bağı deyilən bir yer var, ordan yolu çönüb çayı keçib Laçın zonasına girirsən. Yəni bizim kənd eləydi ki, törd tərəfimiz erməni idi, bir dənə çıxış yolumuz Qırxqız dağının ətəyindən Laçına idi. Həmin Arduş bağının qabağında ermənilər onların dördünü də güllələmişdilər, cavan iki gənc dayısına qurban getdi...
“Bugünkü gündə bizim sərhədimizdə, bizim ordumuzun qarşısında cənab Prezidentimizin sayəsində rahat otura bilirsə sərhədçilərimiz, ermənilər bundan sonra çıxış yollarını bilsinlər ki, nə iş görəcəklər, yəni onlara yer yoxdu”, - deyir İbrahim Nurməmmədov.
Hazırladı: Tahirə AĞAMİRZƏ