20.10.2024, 01:22
AZ EN
10.06.2022, 10:00 368

Türkiyədə “Bəzi rəqəmləri tarix yazır-44 gün, 44 şəhid” mövzusunda anım mərasimi keçirilib

XƏBƏRLƏR
  • İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan “Bəzi rəqəmləri tarix yazır-44 gün, 44 şəhid” mövzusunda anım mərasimi keçirilib.

Mərasim “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, İstanbul şəhəri Sancaktəpə Bələdiyyəsi, Türkiyədə fəaliyyət göstərən “Dostluq-Bərabərlik-Sülh” Partiyası, Milli Müdafiə Universitetinin Fatih Hərb Tarixi İnstitutu, Türkiyə Parlamentariləri Vəqfi və digər qurumların dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycanın Vətən müharibəsində həlak olan 44 şəhidin ailə üzvləri, Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Sancaktəpə kaymakamı Əhmət Karakaya, Sancaktəpə Bələdiyyəsinin sədri Şeyma Doğucu, Milli Müdafiə Universitetinin Fatih Hərb Tarixi İnstitutunun professoru Bünyamin Kocaoğlu, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova, Türkiyə Parlamentariləri Vəqfindən professor Osman Köse, Cümhur İttifaqının İstanbulun rayonları üzrə sədrləri və digərləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qazandığı şanlı Zəfəri özündə əks etdirən videoçarx nümayiş olunub.

Çıxışçılar tarixin dərinliklərindən gələn Türkiyə-Azərbaycan birliyi və qardaşlığından bəhs edib, şanlı Qarabağ Zəfərini bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndiriblər.

Azərbaycanın media nümayəndələrinə müsahibə verən şəhid anaları səfərin təşkilatçılarına minnətdarlıqlarını ifadə edərək, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətənimizin bütövlüyü uğrunda canından keçən övladları ilə qürur duyduqlarını deyiblər.

Qeyd edək ki, tədbirə dəvət alan şəhid ailələri İstanbulun tarixi-mədəni yerlərini ziyarət ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər