İkinci Vətən Müharibəsinin qəhrəman şəhidi Ayxan Vəliyev 1995-ci il dekabrın 14-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Ayxan Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq qoşulub. Şuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edib. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Ağstafa rayonunun Dağ Kəsəmən kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ayxan Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ayxan ailəsinin yeganə oğul övladı, iki bacının bir qardaşı idi.
Anası Rəfiqə Vəliyeva deyir ki, bir gündə ailədən iki şəhid veriblər: “Kürəkənimlə bir yerdə getdi. İkisi də bir gündə şəhid oldu. Mən onların ikisi ilə də fəxr edirəm".
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD