23.12.2024, 10:03
AZ EN
08.12.2023, 13:51 304

Vətən Müharibəsi Qəhrəmanı: İndi azad olan o yerləri ziyarət etmək arzum var

XƏBƏRLƏR
  • Həmişə arzum olub ki, uğrunda döyüşdüyüm, qan tökdüyüm, can verməyə hazır olduğum Qarabağın indi düşməndən tamamilə azad bölgələrinə gedib həmin yerlərin indiki əmin-amanlığını görəydim. Düz üç ildir ki, bu arzu ilə yaşayıram. Şükür ki, indi bu arzuma çatdım. Artıq özümün şəxsi avtomobilim var. Bakının Nizami rayonunda ikiotaqlı mənzillə də təmin olunmuşam. Müharibə veteranlarına, qazilərə göstərdiyi bu qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Qalib Ordunun əsgəri kimi işğaldan azad olmuş bölgəni gəzmək tamamilə başqa bir hissdir. Hesab edirəm ki, ən yaxın günlərdə neçə vaxtdan bəri arzusunda olduğum səfəri həyata keçirəcəyəm.

Bunu Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan baş leytenant Cavid Behbudov deyib.

Cavid Behbudov Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib. 2015-ci ilin iyun-dekabr ayları ərzində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə təhsil alıb. 2016-cı ilin yanvar ayından 2019-cu ilə qədər hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini yerinə yetirib. Sonra xüsusi təyinatlı korpusun qrup komandiri olaraq Azərbaycan Milli Ordusunda xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri olaraq döyüşlərdə iştirak edib.

Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-nə qədər Murovdağ istiqamətində döyüşlərdə olub. Sonra onun rəhbərlik etdiyi qrup Füzulu və Cəbrayıl rayonlarının kəndlərində ermənilərin “keçilməz sədd” adlandırdığı bunkerlərin düşmən hərbçilərindən alınmasında fəal iştirak edib. Həmin rayonların kəndlərinin, sonra isə rayon mərkəzləri - Cəbrayıl və Füzuli şəhərinin erməni yaraqlılarından təmizlənməsi əməliyyatlarının iştirakçısıdır.

“Cəbrayıl və Füzulini azad edəndən sonra Qırmızı Bazar qəsəbəsinin düşmən hərbi birləşmələrindən təmızlənməsi tapşırığını aldıq. Həmin ərazidə strateji əhəmiyyətli yüksəklikləri azad etməli idik. Oktyabrın 25-də həmin əməliyyat zamanı düşmən qoşunlarının artilleriya atəşinə məruz qaldıq. Ermənilərin atdığı mərmi yaxınlığıma düşdü və ağır yara aldım. Özümə ilkin yardım göstərib döyüşü davam etdisəm də, yaram ağır olduğuna görə məni ön mövqedən çıxardılar. Sonra hospitala çatdıraraq ayağımı dizdən aşağı amputasiya etdilər”, - deyə ehtiyatda olan baş leytenant öz döyüş yolunu xatırlayır.

Aldığı ağır yaradan sonra döyüş yolunu davam etdirə bilməyən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Hərbi əməliyyatlar zamanı ən əsas məsələlərdən biri torpaqların düşməndən azad edilməsi ilə yanaşı döyüş yoldaşlarının qorunmasıdır. Qazandığımız Zəfər məni nə qədər sevindirirsə, itirdiyimiz qəhrəman oğulların əzizi xatirəsi məni o qədər göynədir. Belə igid və cəsur döyüşçülərdən biri də liseydə və ali məktəbdə bir yerdə təhsil aldığım, bir yerdə xidmət etdiyim yaxın dostum Elnurun itkisidir. Onun şərəfinə oğluma Elnur adı qoymuşam”,- deyə Vətən Müharibəsi Qəhrəmanı söhbət açır.

O, daha sonra deyib: “İndiyədək bir dəfə Şuşada olmuşam. Dekabrın 16-da yenə də Şuşaya getməyə hazırlaşıram. Minadan tam təmizlənmədiyinə görə, uğrunda döyüşdüyüm bölgələri tam gəzə bilməmişəm. Sağlamlıq vəziyyətim avtomobili idarə etməyə imkan vermir. Ona görə qardaşım Cəlalla birlikdə döyüş yolum keçən həmin əraziləri qarış-qarış, addım-addım gəzib dolaşmaq istəyirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər