Qeyd edək ki, Qarabağın ilk ali məktəbi 1969-cu ildə Xankəndidə fəaliyyətə başlayıb. Əvvəlcə Azərbaycan Pedaqoji İnstitunun filialı kimi ali məktəbin 100 tələbəsi olub. Onlardan biri də Xocalı rayonunun Kosalar kənd sakini Vaqif Ağayevdir. Vaqif müəllim bu barədə Azərbaycan televiziyasına danışıb. O, bildirib ki, orta məktəbi bitirəndə arzusu riyaziyyat müəllimi olmaq imiş. 1969-cu ildə öyrənib ki, Xankəndidə dil-ədəbiyyat və riyaziyyat fakültələri açılacaq. O, Bakıya yollanıb və Pedoqoji universitetə ərizə verərək imtahandan uğurla keçib.
Onu da bildirək ki, Xankəndidə ilk dövlət imtahanı 1973-cü ildə keçirilib. İlk imtahan verən tələbə də ali məktəbin əlaçısı yenə də Vaqif müəllim olub. Deyir ki, o imtahandan çıxanda tələbələr onu alqış sədaları ilə qarşılayblar. İndi istəyərdim ki, bu gün ağsaqqal, ağbirçək olan həmin o məzunlarla bir yerə yığılıb görüş keçirək.
1973-cü ildə həmin universitetin bazasında müstəqil ali məktəb yaradılıb və 1988-ci ilə qədər fəaliyyət göstərib.
Vaqif Ağayev deyir ki, indi biz hamımız böyük sevinc içindəyik. Çünki Qarabağımız işğaldan azad olunub. Bundan da böyük sevinc ola bilməz. 32 il torpaqlarımız düşmən əsarətində qaldı. Tezliklə biz gedib o yerlərdə yaşayacağıq. Qarabağ Universitetində gələcək nəslimiz təhsil alacaq və orada bütün sahələr üzrə kadrlar yetişdiriləcək.
Məlumat üçün qeyd edək ki, Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən Xankəndi şəhərində növbəti tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayacaq və 20 ixtisas üzrə min tələbə qəbul ediləcək. Gələcəkdə isə təhsil ocağının fəaliyyəti genişləndirilərək 10 istiqamət üzrə 10 min tələbə qəbul ediləcək.
Vaqif müəllim sonda sevincini bir daha belə ifadə etdi: “Qarabağ məzunlarının gözü aydın olsun. Tezliklə, inşallah, Xankəndi Universitetinin açlışında iştirak edək!”
Mina RƏŞİD