19.06.2025, 02:51
AZ EN
01.11.2023, 16:25 355

Əməlləri yaşadılan ZÜLFÜQAR

XƏBƏRLƏR

11 yaşın mübarək, "Moderator.az"

  • İnsanlar var ki, qısa ömür yaşayır. Amma özündən geriyə böyük və yaşayacaq, yaşadılacaq əməlləri qoyur gedir. Ölüm haqqdır deyiblər azman dədələrimiz. Əsas olan odur ki, ölümündən sonra qəlblərdə yaşadılacaq bir ömrə sahib ola biləsən... Uzun illər həsrətilə yaşadığı Vətəninə qovuşdu Zülfüqar...

Zülfüqar Hüseynzadənin adı çəkiləndə, "eldən getdi, çox heyf, canlara dəyən oğul idi" kəlmələrini çox eşitdik. Ölümdən sonra yaşamaq da buna deyərlər...

Bu gün "Moderator.az" xəbər portalının 11 yaşı tamam olur. 2012-ci ildə mərhum jurnalist Zülfüqar Hüseynzadə tərəfindən təsis edilən sayt qısa zamanda Azərbaycanda ziyalı kütlənin, çoxsaylı oxucu auditoriyasının sevimlisinə çevrilməyi bacardı.

Belə əziz bir gündə dilimizə ilk gələn təəssüf sözü olur, ona görə ki, saytın əsas siması, təsisçi və baş redaktoru Zülfüqar Hüseynzadə bu il Haqqın rəhmətinə qovuşdu.Lakin portal mərhum jurnalistin davamçıları tərəfindən yoluna uğurla davam etdirir.

Tanınmış şair Zakir Fəxri "Moderator.az"-ın 11 yaşı  münasibətilə öz ürək sözlərini sayt vasitəsilə oxucularla bölüşüb:

“11  yaşınız mübarək! 11 rəqəmi mistik rəqəmdir. Allah Zülfüqara qəni-qəni rəhmət eləsin. Bütün kollektivinizi təbrik edirəm. Bu bulanıq dünyada, suların durulmadığı dünyada sizə duru düşüncələr, duru yazılar, duru münasibətlər, ən yaxşı nələr varsa, onu  arzu edirəm. Dünya çox qarışıq dünyadır. Bu qarışıqlıq içərisində insanlara təsəlli olan, tərəfsiz qələmə alınan, sevgiyə, düşünməyə vadar edən yazılar arzu edirəm.

İndi feyk xəbərlər, yanlış düşüncələr  hələ də var və silinib getməyib. Müharibə zamanı da bunları gördük. Amma indi nə arzulayıram: Qarabağ bütünlüklə bizimdir. Bu möhtəşəm qələbənin fəlsəfəsini yazmaq, bu gündən sonra da onu yaşatmaq lazımdır. Çatışmayan şeylər  çoxdu: insani münasibətlər, məmur-vətəndaş münasibətləri, təhsil problemləri və s. hər yerdə problemlər var. Bu, təbiidir,  bunları çox səmimi şəkildə qabartmaq, işıqlandırmaq, heç kimə daş atmadan işıqlandırmaq, bu sevgini qazanmaq lazımdır. Bugünün mətbuat bolluğunda dəyərli  saytlar, jurnalistlərimiz var. İmza çox vacibdir. Qabaqlar sovet dövründə imzaları həsrətlə gözlədiyimiz vaxtlar olurdu. Maraqla qaçıb qəzet alırdıq ki, filankəsin yazısı çıxıb. Hələ içindən xəbərimiz yox idi, amma bilirdik ki, mütləq dəyərli nələrsə olacaq.

Sizə uzun ömür arzulayıram. "Moderator.az"-ı Zülfüqarın adına yaraşan şəkildə yaşadın. Kollektivinizin hamısı dəyərli şəxslərdir. Hər birinə də hörmətim böyükdür. Bir daha təbrik edirəm. Yanlışlıqdan uzaq, tərəfsiz, həmişə barış içində olan yazılar arzulayıram. Var olun, saytınızın ömrü uzun olsun. İndiki bu dünyada sizə nə arzulayıram. Bir bənd şeirimdən göndərirəm və bu uğuru o şeirlə sizə həsr edirəm:

“Allahım! Sən Allah, səs ver, səsimə!

İlıq nəfəsini qat nəfəsimə...

Ruhumu Nuruna bürüyə bilim...

Bu yolu sonacan yürüyə bilim...

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər