23.12.2024, 08:53
AZ EN
30.10.2023, 09:17 337

Bir ailənin iki fotosu...

XƏBƏRLƏR
  • Bir müddət əvvəl paylaşdığı foto ilə gündəmə gələn Laçın rayonundan olan keçmiş məcburi köçkün Mirzə Balakişiyev valideynləri ilə birlikdə 34 il əvvəl və bu günlərdə çəkilən fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Laçınlı ata, ana və oğul 1989-cu ildə lentə alınan fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlanıb.

“Bu şəkllərin arasında 34 il fərq var. Bu illərin arasında çox itkilərim olub. 34 il təkcə rəqəmlə yox, daxilən qocalmışam, atam-anam da həmçinin”. Bunu Birzə Balakişiyev “Modern.az”a danışıb.

O, qeyd edib ki, 9 yaşımda mən ordan çıxanda hər bir uşaq kimi mən də uşaqlığımı yaşamaq istəyərdim: “Mənim üçün xoşbəxt anlar vardı o 9 yaşımda. Laçında yaşadığımız vaxtlar həmin o şəklə baxanda heç düşünməzdim ki,  doğma ev-eşiyimizdən didərgin düşərik. Hər bir uşaq atasını cəsarətli,  hamıdan güclü, necə deyim, elə bilirsən ki, atandan başqa güclü bir insan yoxdu. Biz ordan çıxanda, həmin an atamın gözlərində çarəsizliyi gördüm. Mən həmin yaşımda sanki birdən-birə böyüyüb əlli yaşın oldum. Atamın elə çarəsiz olması mənə bu hissi yaşatdı, artıq bizim əlimizdə elə bir imkanımız yox idi orda qalmağa, məcburən çıxdıq Laçından. Ondan sonra mən daxilən böyüsəm də, uşağlığımı yaşaya bilməməyimin ağrısı qəlbimdə qaldı”.

Mirzə Balakişiyev daha sonra əlavə edib ki, Laçın işğaldan azad olunandan sonra atamı çox istədim aparım ora.  2020-ci ildən bu yana öz içimdə düşünürdüm ki, atamı necə aparım Laçına, onu da düşünürdüm ki, indi atamın gözləri demək olar ki, görmür. Bu da mənim üçün ağır dərd idi ki, mən onu necə aparım, gedib öz tikdiyi evi, yaşadığı torpağı görməyəndən sonra: “Artıq mən də bir az ürəkləndim, cəsarətə gəldim, 2023-cü il sentyabrın 6-sı atamgili apardım Laçına. Bu şəkli çəkdirənə qədər mənim üçün  əlçatmaz idi onlarına aparmağım.

Atam öz evlərinə getmədi, ən birinci getdi Qələndər babagilin, yəni öz atasının evinə. Onda gördüm ki, həqiqətən də insanı doğulduğu yer, doğulduğu ev çəkir özünə. Halbuki, atam biz yaşadığımız evi əziyyətlə, müəllim həyatı yaşamaqla tikmişdi. Yəni o birinci gedib öz evin görmədi,  ata evini ziyarət etdi...

Ata-anamla yenidən Laçında çəkdirdiyimiz bu şəkil  məni çox duyğulandırır, qürurlandırır. Burda mənim demək olar ki, iki anam var, biri şəkildəki öz anam, biri də ki, Laçın. Bu günə çox şükür ki, 77 yaşlı anamı apardım o torpağı gördü. Onların cavanlığı, xoşbəxt günləri keçib orda. Təsadüf elə gətirdi ki, onlar orda çörək bişirməli oldular. Anam odu sönmüz ocağımızda yenidən ocaq çatdı, yuxa yaydı, bişirdi, Laçın fəsəlisi bişirdilər. Orda balaça bir stol açılması bizim üçün belə bil ki, toy-nişan idi. Yəni o həyət yenidən insanları yığdı bir yerə. Atam başda olmaqla o həyət həmişə qonaqlı-qaralı olub. Yenidən bu süfrənin orda açılması, qurban kəsilməsi arzumuzun çin olmasıydı, ən xoş günümüzdür. Ordakılar da bizim kəndimizdəki insanlardı, əzizlərimizdir. Arzu edirəm ki, bütün kənd sakinlərimiz Laçına qayıtsın. Allah, bizə bu günü, bu sevinci yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə cansağlığı versin, onu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizi salamat eləsin. Onların sayəsində biz bu gün Laçına qovuşmuşuq.

Öz evimizə iki gün sonra getdim. Elə bilirdim evimizi görsəm, ürəyim partlayar. Ona görə də iki gün özümü hazırladım ki, gedim öz evimizi görüm. Həyacanla hər yerə baxırdım. Həyətimizə girəndə bir anlıq dizlərim  yerə çökdü. Erməni vandalları evi elə günə qoymuşdular ki... Bizdə Qırxbulaq, Dəlikli deyilən yer var,  oranı, qəsəbiristanı ziyarət elədik. Evdən çıxanda sanki arxadan məni divarlar geri çəkirdi, sanki demək istəyirdi ki, getmə. Onda bir anlıq hiss elədim ki, ev də istəmir ki, mən gedən...”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər