03.08.2025, 05:08
AZ EN
25.10.2023, 10:00 337

Tural anamı bizə tapşırmışdı

XƏBƏRLƏR

Müharibənin başlanacağı sanki onun ürəyinə dammışdı. Tural 2020-ci ildə yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlamışdı. Ona görə də Azərbaycanın Zəfər yürüşünə o daha ürəklə yollandı. Vətən uğrunda mərdliklə savaşan bu igid əsgərdən oktyabrın 1-dən səs-səmir gəlmir. Ailəsi onu düz iki ay ümidlə axtarır. Kim nə deyir, desin, doğmaları Turalın sağ dönəcəyinə inanırlar. Amma uzun axtarışdan sonra əzizlərinin şəhid xəbəri gəlir. Anası deyir ki, bir valideyn üçün övlad itkisi çox ağırdı. Amma Vətən yolunda şəhid olmaq da hər kəsə nəsib olmur. Nənəsi Turalı mən saxlamışam, deyir, böyütmüşəm, məktəbə aparmışam. Amma bu günə şükür edirəm ki, Tural Vətən üçün şəhid olub, torpağımız uğrunda qəhrəman kimi döyüşüb. Vətən sağ olsun!      

Bu gün Azərbaycanın Zəfər yürüşündə yeni bir tarix yazan oğullardan birinin – şəhid Tural Mustafa oğlu Quliyevin doğum günüdür. O, 1995-ci il oktyabrın 25-də Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə orta təhsil alıb. Hərbi xidmətini şərəflə başa vurub.

2020-ci ilin sentyabr ayının 9-dan Tural Quliyev müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yenidən Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri Tural Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Kəlbəcər istiqamətində, Murovdağın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 1-də Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi düz iki ay axtarıldıqdan sonra ailəsinə təhvil verilib.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Yevlaxda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tural Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bacısı deyir ki, anam xəstə olduğu üçün Tural onu bizə tapşırmışdı. Anamın müalicəsindən sonra ailə qurmaq istəyirdi...

Gənc ömrünü və bütün arzularını Vətənə bağışlayan Tural Quliyevin adı heç vaxt yaddaşımızdan silinməyəcək.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər