Qüdrətin nənəsi deyir ki, o sanki Vətən üçün, bu gündən ötrü yaradılmşdı. Bütün arzularının üstündən xətt çəkərək torpaqlarımızın azadlğı uğrunda savaşa atıldı. Füzuli, Cəbrayıl və bu gün bayram elədiyimiz Zəngilanın azadlığı uğrunda şücaətlər göstərdi. Qüdrətin evlərinə sonuncu zəngi oktyabrın 29-da olmuşdu. Bundan sonra düz bir ay ondan xəbər gəlməyib. Nəhayət noyabrın 29-da onun şəhid xəbəri doğmalarına gəlib çatmışdı...
Bu gün doğum günü olan qəhrəman şəhidimiz Qüdrət Səfər oğlu Həsənov 1995-ci il oktyabrın 20-də Sabirabad rayonunun Qardaşkənd kəndində dünyaya gəlib. Sabirabad rayon Rəsul Əhmədov adına tam orta məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul olunub. Hərbi xidmətini nümunəvi əsgər kimi başa vurub.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Qüdrət Həsənov könüllü olaraq Füzuli, Cəbrayıl və Zəngilanın azadlığı uğrunda mərdliklə savaşaraq şücaətlər göstərib.
İgid əsgər qızğın döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb. Onun şəhid olması xəbəri ailəsinə noyabrın 29-da çatdırılıb.
Qüdrət doğmaları ilə telefonda danışanda həmişə deyimiş ki, narahat olmayın, hər şey yaxşı olcaq, biz qalib gələcəyik. Sağ-slamat qayıdacam, hamınız məni gözləyin...
O gün də nəinki doğmaları, böyük bir izdiham qürurla Şəhid Qüdrət Həsənovun yolunu gözləyirdi. Şəhidimiz böyük ehtiram və el məhəbbəti ilə doğma Sabirabad rayonunun Qardaşkənd şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Qüdrət Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD