Bunu "Moderator.az"a açıqlamasında xalq artisti, professor Mənsum İbrahimov deyib. O, daha sonra qeyd edib ki, 3-4 il bundan öncə biz Şuşanın, Qarabağın həsrətini çəkirdik: "Biz bu gün Şuşamızda reallaşan beynəlxalq tədbirlərdən danışırıq. Bilirsiniz ki, Şuşa həm Türk dünyasının, həm də İslam dünyasının mədəniyyət paytaxtıdır. Bu, qürurverici bir xəbərdir. Üzeyir Hacıbəylinin, Süleyman Ələsgərovun ruhu şaddır ki, bu gün Şuşada beynəlxalq tədbirlər, Muğam festivalları keçirilir. Bu gün torpaqlarımızda tikib qururuq. Yollar çəkilir, mədəniyyət mərkəzləri yaranır. Şuşa əvvəlki şöhrətini özünə qaytarır. Şuşa adı nəinki bizdə, bütün dünyada çox məşhurdur. Əcnəbilər istər-istəməz onun tarixini da öyrənirlər. Ermənilər Şuşaya qondarma ad qoymuşdular. Bundan sonra biz Qarabağımızda daha böyük tədbirlər keçirəcəyik”, - deyə sənətkar bildirib.
Xalq artisti daha sonra əlavə edib ki, dövlətimiz heç vaxt erməniləri Qarabağı tərk etməyə təşviq etməyib:
“Son lokal antiterror əməliyyatları da onu göstərdi ki, Azərbaycan öz gücünə, təkbaşına ədaləti bərpa etməyə qadirdir. Biz 44 günlük müharibədən sonra 3 il gözlədik və mənfur qonşularımıza vaxt verdik ki, torpağı təvhil verib, çıxsınlar. Onlar bunun əvəzində ora silah daşımağa başladılar, terrorçular dəvət etdilər, səngər qazıdılar. Yenidən biz məcbur olub Dəmir yumruğun sayəsində düşməni özümüzə təslim etdik. Bu gün artıq onların həmin torpaqlardan köçü başlayıb. 30 il bundan öncə biz öz torpaqlarımızdan köç etmişdik. Onlar bizi nə gündə yola salmışdılar?! Acınacaqlı vəziyyətdə idik! Amma biz onları çox rahat şəkildə yola salırıq. Əlbəttə ki, dinc əhali ilə bizim işimiz yoxdur. Heç bir dünya ölkəsi bizi qınaya bilməz. Biz onları torpağımızdan çıxarmırıq. Sadəcə deyirik ki, tabe olun və vətəndaşlığımızı qəbul edib bizimlə birgə yaşayın”, - deyə Mənsum İbrahimov vurğulayıb.
Hazırladı:Tahirə AĞAMİRZƏ