Uzun illərdir Qarabağ ermənilərinin mənasında istismar etdiyi Sərsəng su anbarı qəzalı vəziyyətdədir. Azərbaycan ordusunun Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərdən sonra regionun ən iri sututarı da Azərbaycanın tam nəzarətətinə keçib. Otuz illik işğal dövründə baxımsız qalması səbəbindən qəzalı vəziyyətə düşən Sərsəng su anbarının mövcud durumu ilə bağlı qiymətləndirmələrə başlanıb.
“Vətən səsi” xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayev deyib. Onun sözlərinə görə, hazırda su anbarında hazırda qiymətləndirmə işləri həyata keçirilir: “Artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri su anbarında qiymətləndirmə aparır, bütün qurğulara baxış keçirilir. Qiymətləndirmə başa çatdıqdan sonra orada hansı işlərin görüləcəyi bəlli olacaq. Təbii ki, buna müvafiq olaraq tədbirlərə başlanacaq”.
Sarvan Ağayev əlavə edib ki, Sərsəng su anbarının ekoloji fəlakətlə üz-üzə qalması ilə bağlı məlumatlar da araşdırılır. Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu dövrdə orada təmir-bərpa işləri aparılmayıb. Üstəlik, son 30 ildə anbara heç bir texniki baxış keçirilməyib, hidrotexniki qurğular yenilənməyib, bəndlər bərkidilməyib.
Xatırladaq ki, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Mənbəyini Kəlbəcərdən götürən və Azərbaycan daxili çayları arasında bolsululuğu ilə seçilən Tərtərçay üzərində qurulmuş su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mVt olan su elektrik stansiyası tikilib. Başqa sözlə, Sərsəng su anbarı həm də Qarabağ bölgəsində əsas elektrik enerjisi mənbələrindən biridir.
Elxan SALAHOV