“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə "Qanla yazılan ömür" layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti iki ay nəzərdə tutulub.
Layihənin əsas məqsədi Vətən müharibəsi şəhidi polkovnik-leytenant Sədi Süleyman oğlu Musayevin həyatı və keçdiyi döyüş yolu haqqında sənədli film hazırlamaqdır. Rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlığı işıqlandırılacaq və təbliğ ediləcək filmin qayəsi şəhidlik məqamının ucalığını aşılayan dəyərlərin cəmiyyətimizdə möhkəmləndirilməsi və qorunub saxlanılması, xüsusilə, gənc nəslin milli-mənəvi dəyərlərə, vətənimizə bağlılığını gücləndirmək istiqamətində dövlət siyasətinə dəstək göstərməkdir.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə xanım Vəliyeva layihənin icrası ilə bağlı bildirib ki, "Qanla yazılan ömür" sənədli filminin çəkilişinə başlanılıb, Füzuli və Beyləqan rayonlarında müxtəlif çəkilişlər aparılıb. Hal-hazırda filmin çəkilişi davam edir.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi indiyədək bir sıra uğurlu layihələr həyata keçirib.