23.11.2024, 03:51
AZ EN
11.04.2023, 19:20 237

İçərişəhərdə küçəyə Vətən müharibəsi şəhidinin adı verildi

XƏBƏRLƏR
  • Bu gün İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin adını daşıyan küçənin açılış mərasimi olub.

İçərişəhər sakini olmuş, şəhid Fərid Əliyevin adını əbədiləşdirəcək küçənin açılış mərasimində şahidimizin ailə üzvləri, yaxın qonşuları, şəhid ailələri, “İçərişəhər” DTMQİ-nın İdarə Heyətinin sədri Şahin Seyidzadə, Səbail RİH-nin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Cümə məscidinin axundu Hacı Surxay, İçərişəhər Ağsaqqallar Şurasının sədri Teymur İslamzadə və Şuranın üzvləri və “Qoru“ Gənclər Təşəbbüs qrupunun üzvləri iştirak edib.

Mərasimdə çıxış edənlər Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş İçərişəhərli qəhrəmanımızın şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Daha sonra küçənin ətrafında mövcud olan abidələr, küçənin uzunluğu, küçədə yerləşən evlərin və əhalinin sayı barədə tədbir iştirakçılarına məlumat verilib, Fərid Əliyevin adını daşıyan küçədə yerləşən şəhidin yaşadığı evin önünə gül dəstələri düzülüb.

Şəhid Əliyev Fərid Pirəli oğlu 14 avqust 1994-cü il tarixində Bakı şəhərində anadan olub. 2010-cu ildə 132 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə təhsilini davam etdirdiyi peşə liseyindən məzun olub. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələri Sıralarında xidmət edib.

27 sentyabr tarixində başlanan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanıb. 5 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Fərid Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı, "Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.("Trend")

 

Oxşar xəbərlər