Allah elə bil seçib toplayıb,
Vətənə sevdalı igidlərini.
Onlara ilahi güc bəxş edərək
Tanıdıb dünyaya Şəhidlərini...!
Bir rəsm var qarşımda. Mələküzlü bir qəhrəman elə məsum boylanır ki, rəsmdən. "Can balam, nurüzlü igidim, baxışına qurban olaram",- deməyə bilmirəm. Elə el arasında belə insanlara "Nur topu" deyirlər...
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər Vətən var olsun deyə.
Vətən Müharibəsində şəhidlik məqamına yüksəlmiş, adı tarixin qızıl səhifələrinə yazılmış qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir.
İsmayılzadə Səməndər Vahid oğlu 1990-cı il avqust ayının 25-də Yevlax şəhərində anadan olub. 1996-2007-сi illərdə Yevlax şəhəri Səməd Vurğun adına 5 saylı tam orta məktəbdə təhsil alıb. Sonradan diş texniki, mühafizəçi, anbardar vəzifələrində işləyib.
Hərbçi ailəsində doğulduğu üçün hərbi xidmətə həvəs daha böyük maraq göstərərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ZTR-82 A komandiri kursunu bitirib və gizir Hazırlığı kursunu bitirmə haqqında sertifikat (GH N3090) alıb.
Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına, yüksək mənəvi, işgüzar keyfiyyətlərinə görə fəxri fərmanlarla və medalla təltif olunub. 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə isə Vətən müharibəsində fəal iştirak edib.
O, Vətən müharibəsi başlayanda bir çox igid oğullarımız kimi sevinc hissi ilə torpaqlarımızın düşmən işğalından azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə öndə qəhrəmancadına vuruşub.
2020-ci il oktyabr ayının 9-da Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə sinəsini düşmən snayperinə sipər edərək şəhidlik zirvəsinə yüksəlib.
Gizir Səməndər İsmayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Habelə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası və Vətən müharibəsində göstərdiyi şücaətə görə Fəxri Fərmanla təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ