O, 1995-ci il sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya göz açıb. 2001-ci il Şahbuz rayon 1 saylı tam orta məktəbində təhsil alıb. İlkin 2010-ci ildə öz arzusu ilə Heydər Əliyev adına Hərbi liseydə orta təhsilini davam etdirib. 2013-cü ildə sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib və 2017-ci ildə təhsil ocağını bitirərək baş leytenant rütbəsinə yüksəlib.
İlkin Muradlı təyinatını Gəncəyə alıb və bir müddət burada xidmət edib. Daha sonra XTQ-nin bölük komandiri kimi Ağstafada hərbi xidmətə göndərilib. Tovuz döyüşləri zamanı təyinatla döyüş bölgəsinə yollanıb.
Baş leytenant İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşlərə qatılıb.
Xüsusi hərbi hazırlığı olan igid döyüşçümüz Kəlbəcər, Hadrut və Şuşa istiqamətində şücaətlər göstərib.
Baş leytenant İlkin Muradlı müharibənin son anlarında noyabrın 9-da Şuşa uğrunda gedən savaşlarda qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Şahbuz şəhərində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Elşən Rüstəmli qardaşı haqqında deyir: "İlkinin hərbçi olmasına atam razı deyildi. O, hərbi liseyə daxil olmaq istəyəndə də söz-söhbət olmuşdu. Amma heç kim onu fikrindən döndərə bilmədi. İlkin uşaq vaxtından çox vətənpərvər ruhda böyüyüb. Hərb sənətini seçməyi də təsadüfi deyildi. Hərbi təhsil alanda da, sanki çalışırdı ki, tez püxtələşib mübarizəyə atılsın, öz borcunu yerinə yetirə bilsin. Həmişə özünü bu torpağa borclu hesab edirdi. Biz bəzən onun belə vətənpərvərliyinə təəccüb edirdik. O, öz taleyini əvvəldən planlaşdırmışdı".
Qeyd edək ki, İlkin Muradlı Tovuz döyüşləri zamanı şəhadətə ucalan general Polad Həşimovun nəşini şəhid olduğu yerdən çıxaran dəstənin tərkibində olub. Qardaşının dediklərinə görə, bu hadisə İlkinə çox təsir edib. Müharibə başlanan gündən döyüşlərdə iştirak edən İlkin Muradlı Murov yüksəkliyinin, Hadrutun, Şuşanın işğaldan azad olunması uğrunda şücaətlər göstərib. Şuşanın azad olunmasında xüsusi təyinatlı dəstənin tərkibində çox ağır döyüş sınaqlarından keçib. Döyüşlər zamanı komandirinin şəhid olması İlkini çox sarsıdıb. Döyüş yoldaşlarının dediyinə görə, İlkin bu hadisədən sonra bütün döyüşlərə "Komandirimin qisasını alacam!" - deyərək başlayırmış. Silahdaşları İlkin Muradovun qəhrəmanlıqlarından ağızdolusu danışırlar.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, İlkin balamız!
Mina RƏŞİD