24.04.2025, 14:25
AZ EN
13.09.2023, 08:23 165

Laçın RİH-in başçısı Ağcabədi rayonunda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Mişni obasında - Laçın rayonunun Mişni kənd tam orta məktəbinin binasında, həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə keçirilib.

36 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi səyyar qəbulda çıxış edən icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışmış, Laçın şəhərinə qayıdan əhali ilə görüşünün və onlara mənzillərinin açarlarının təqdim olunmasının bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacağını bildirmişdir.

Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini qeyd edib.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər