RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırıblar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
***
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 2 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirib. Səyyar qəbulda İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb, “Heydər Əliyev İli” çərçivəsində Cəbrayıl rayonunda keçirilən tədbirlər haqqında məlumat verib. Daha sonra Prezident cənab İlham Əliyevin son günlərdə işğaldan azad olunmuş ərazilərə səfərlərindən, həmin ərazilərdə gedən quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri qəbula gələn vətəndaşları dinləyərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyələrini bildirib.
Hazırladı: Mina RƏŞİD