Tovuz hadisələrindən və general Polad Həşimovun şəhid olmasından sonra Rəhimin qisas hissi daha da alovlanıb. Evə xəbər etmədən hərbi komissarlığa gedərək könüllü kimi qeydiyyatdan keçib ki, müharibə başlayarsa, ordu sıralarına qoşulsun.
Rəhim bununla da kifayətlənməyib, hərbçi kimi çalışmaq üçün müraciət edib. Vətənpərvər gənc döyüşlər başlamazdan bir ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində o, ilk gündən minaatan bölüyündə döyüşlərə qoşulub.
Rəhim İmamov Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Hərbçi yoldaşları onun qorxmaz döyüşçü kimi Vətən torpaqları uğrunda irəli atıldığını bildirirlər. O, ailəsi ilə sonuncu dəfə oktyabrın 21-i, atasının doğum günündə əlaqə saxlayıb. Rəhim bildirib ki, düşmən geri çəkilir, qələbə günü yaxınlaşır. Həmin gün Rəhimgilin bölüyü Füzulinin Gecəgözlü kəndi uğrunda şiddətli savaşda iştirak edir. Bu döyüşdə Rəhim yaxınlığında mərminin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Rəhim İmamov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olnmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
“Mən özüm Qarabağ müharibəsi iştirakçısıyam. Üç il Füzuli, Ağdam istiqamətində döyüşlərdə iştirak etmişəm. Övladlarımı da vətənpərvər böyütmüşəm. Rəhim Vətən müharibəsində döyüşlərdə olanda bir neçə dəfə telefonla danışmışıq. Oğlum Vətən uğrunda hər şeyə hazır idi. Hamımıza bir ömür verilib. Əsas o deyil ki, neçə il yaşayasan. Əsas şəhidlərimiz kimi şərəfli ömür yaşamaqdır”, - deyə şəhidin atası Rauf İmamov söyləyib.
Şəhidimizin anası da deyir ki, mənim balam uşaqlıqdan vətənpərvər böyüdü. Aptekdə işləyirdi. Ancaq hərbi sahəyə olan marağı üstün gəldi. Müharibə başlayanda zəng elədi ki, təlimlərə gedirik. Amma sonra döyüşlərdə olduğunu bildik. Rəhim kimi minlərlə Azərbaycan oğlu ilə fəxr edirəm. Allah şəhidlərimizin yerini cənnət eləsin.
Qeyd edək ki, Rəhim İmamov ailəli idi. Onun Nihad və Fatimə adında övladları yadigar qalıb.
“2014-cü ildə ailə qurmuşuq. Rəhim gözəl ailə başçısı idi. Müharibədə olanda mənə zəng elədi. Dedi ki, Şəhanə sən güclü qadınsan, mən sənə inanıram. Övladlarımıza yaxşı bax, onlardan muğayat ol. Deyirdi bilmək olmaz. Qismətimizə şəhidlik yazılıbsa olacaq, hər şeyə rəğmən sən güclü olmalısan. Şəhid olan günü, oktyabrın 21-i Rəhimi yuxuda gördüm. Üç gün sonra bizə Rəhimin şəhid olduğu barədə məlumat verdilər”, - deyə şəhidimizin həyat yoldaşı Şəhanə İmamova söyləyib.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD