- 44 günlük Vətən müharibəsinə könüllü yollanan və vuruşaraq qazi olan Cavid Nurinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Cavid deyir ki, torpaqlarımızın düşmən əsarətindən azad olunması uşaqlıqdan ən böyük arzusu olub və istəyib ki, onun da bu işdə Vətənə bir faydası toxunsun. Nəhayət o, arzusuna çatıb. Belə ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Cavid düz 36 gün torpaqlarımızın azadlığı uğrunda düşmənlə savaşıb.
“Mən bu müharibədə Azərbaycan əsgərinin, xalqın, oğullarımızın mübarizliyini gördüm” – söyləyən Cavid noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmilərdən çoxsaylı qəlpə yarası və kontuziya alıb.
Qeyd edək ki, Cavid Nuri "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Mina RƏŞİD