Bu barədə Afrika Ətraf Mühit və Sağlamlıq Şəbəkəsinin təsisçisi Kordeliya Adamou deyib.
Onun sözlərinə görə, Ermənistan bu zavodu tikməklə davamlı inkişaf məqsədləri üçün nəzərdə tutulan 3,6,14,15-ci maddəni pozacaq. Buraya yaxşı sağlamlıq və rifah, təmiz su və kanalizasiya, dəniz ekosistemlərinin mühafizəsi, yerüstü ekosistemlərin qorunması daxildir:
“Ekoloji problemlər təkcə bir ölkə ilə məhdudlaşmır, çünki ekoloji problemlər qlobal xarakter daşıyır. Biz hamımız bu planetdə yaşayırıq və resursları bütün bəşəriyyətlə bölüşürük. Ona görə də biz Azərbaycandan olan həmkarlarımızı dəstəkləyirik və birlikdə bütün ekosistemə böyük mənfi təsir göstərən bu layihəyə qarşıyıq”.
Qeyd edək ki, bu gün bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları bəyanat yayaraq, Ermənistanın metallurgiya zavodunun tikintisinin zərərli nəticələrinə etirazlarını bildiriblər. Zavod Ermənistan tərəfindən Arazdəyəndə, Araz çayı üzərində tikilir və regionda potensial ekoloji fəlakət mənbəyidir. (Report)