28.04.2025, 14:34
AZ EN
20.06.2023, 09:50 364

Mən qəhrəman olacam

XƏBƏRLƏR
  • Turan Vidadi oğlu Şərifov 2001-ci il iyunun 20-də Bakı şəhərində dünyaya göz açıb. 135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsil alıb. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi idi. Turan Gəncə şəhəri "N" saylı hərbi hissədə Vətənə xidmət edirdi.

Turan 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri istiqamətində 40 gün savaşıb. Onun son döyüşü 2020-ci il noyabrın 5-də Laçın istiqamətində olub. Ordumuzun mərd əsgəri Turan Şərifov qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla 2-ci Fəxri Xiyabanda dəfn edilib. 

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən şəhid əsgər Turan Vidadi oğlu Şərifov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Qardaşı Tural deyir ki, Turan uşaqlıqdan diqqətcil idi. Həm də zarafatcıl. Heç vaxt bilərəkdən heç kəsin xətrinə dəyməyib. Düşünmədən iş görməzdi. Mən onun böyük qardaşıyam, amma elə bil, o  məndən böyük idi. Bir iş görəndə onunla məsləhətləşərdim. Ürəyim sıxılanda "Ürəyini sıxma, həmişə sənin yanındayam." deyərdi. Hələ kiçik yaşlarından Qarabağın adı dilindən düşməzdi. O həm də musiqiçi idi. İlk oxuduğu mahnılar "Qarabağ Şikəstəsi”, "Sarı Gəlin" olub. Qardaşımın musiqiçi olmasında ən böyük səbəbkar, artıq özü yanımızda olmasa da qəlbimdə olan anam idi. Turanın səsinin musiqiyə uyğun olduğunu o kəşf etdi. Sonra Turan 8 yaşında anamın təşəbbüsü ilə Bakıda yerləşən Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbinə daxil oldu. Bir çox tədbirlərdə iştirak edib. Şəxsən özüm də o tədbirlərdə tamaşaçı qismində iştirak etmişəm. Arada iş yerimə gələrdi. O gələndə  zarafatları və gülüşləri ilə bütün yorğunluğum keçərdi…

Son telefon danışığımızda müharibədən elə danışırdı ki - gülə-gülə, ruh yüksəkliyi ilə, elə bil kino çəkməyə gedib. Qarabağı aldılar canları ilə. Bunları danışdıqca, qardaşımın şəklinə baxdıqca o anı yaşayıram. Elə bil yanımdadı. Daha sonra gözümü şəkildən çəkəndə reallıqla üzləşirəm. Həyatda olmadığını dərk edirəm və sonra... Sonrası mənə qalsın. Allah bütün şəhidlərimizin şəhadətini qəbul etsin...

Turanın cəmi 19 yaşı vardı. İstedadlı bir gənc idi. Təhsilini, arzularını,  bir sözlə özünü Vətənə fəda elədi. Özü dediyi kimi, qəhrəman oldu, Zəfər tarixini yazanlardan biri kimi adı tarixə əbədi həkk edildi.

Bu gün qəhrəman şəhidimiz Turan Şərifovun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Turan balamız!

Mina RƏŞİD  

Oxşar xəbərlər