1988-ci ildən bəri bir-birilərindən xəbər ala bilməyən bu insanları 35 ildən sonra İTV-Xəbər bir araya gətirib. Amma təəssüf ki, bir sinifin bütün şagirdlərini bir araya gətirmək mümkün olmayıb. 30 nəfərdən ancaq 6-nı tapmaq mümkün olub.
1983-cü ildə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə 1-ci sinifə gedən balacalar 35 il sonra həmin məktəbin sinif otaqlarında yenidən bir araya gəliblər. Amma Xankəndi indi bu məktəbin yalnız adında qalıb.
Qeyd edək ki, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbi on ildir ki, Bakının Ramana qəsəbəsində, Şuşa şəhərciyində fəaliyyət göstərir. Zamanın saçlarına dən, üzlərinə həsrət kölgəsi salan Xankəndindəki yeganə Azərbaycan məktəbinin sonuncu birinciləri...
Xankəndi sakini, Anar Quliyev:
- Bu gün elə hiss edirik ki, sanki biz hal-hazırda 5-ci sinifdə oxuyuruq. Çünki bizim həyatımız yarımçıq qaldı, indi, bəlkə də, bunları kiməsə izzah eləmək çətin olar, o hissi yaşayan bilər. Biz orada yarımçıq qalmış uşaqlığımızın yarısı bizim içimizdədi. Bu Yoldaşların hərəsi müyyən işlərdə, müəyyən vəzifədə işləyir. Amma biz özümüzü o 5-ci sinifdə yarımçıq qaldığı kimi davam edirik. Hal-hazırda biz elə bil ki, 5-ci sinifdə oxuyuruq, yəni bu anda o hissləri yaşayırıq.
Xankəndi sakini, Anar Quliyev Xankəndi məktəbində hərbi-hazırlıq müəllimi kimi çalışır. Şagirdləri arasında Xankəndini görmədən böyüyən xankəndililər çoxdu. Ürəkdən inanır ki, özünün 10 yaşında çıxdığı Vətəninə şagirdləri ilə birlikdə qayıdacaq. O deyir ki, 1988-ci ildə məlum səbəblərə görə Xankəndində 5-ci sinifdə oxuyanda fevral hadisələri baş verdi, biz məktəbi yarımçıq qoyub çıxmaq məcburiyyətində qaldıq. Xankəndində yaşayan,məktəbdə oxuyan hər bir şagird, valideyn, bütün azərbaycanlılar Xankəndindən çıxandan sonra Azərbaycanın başqa-başqa rayonlarına getdilər. Ondan sonra sinif yoldaşlarımızdan uzaq düşdük və uzun illər biz bir-birimizi görə bilmədik. Bir neçə ildən sonra bir-birimizi axtardıq, tapdıq və 40 illiyimizi keçirdik.
40 il əvvəl 1-ci sinfə gedəndə siniflərində 30 şagird var idi. Bu gün isə onların sinfində cəmi 6 şagird var. Kimi Vətən uğrunda şəhid olub, kiminin isə taleyi ilə bağlı ümumiyyətlə, məlumat yoxdu. Məcburi köçkünlüyün, faciəli günlərin ayrı saldığı bu 5-ci sinif şagirdləri Xankəndində qoyub gəldikləri məktəb illərinin xatirələrini isə heç vaxt unutmayıblar.
Aynur Əliyeva isə deyir ki, elə o vaxtdan mən orta sırada ikinci partada əyləşirdim, Zöhrə müəlliməmiz rəhmətə gedib, dünyasını dəyişib, məkanı cənnət olsun. Onun bizim üstümüzdə haqqı çoxdur. Burda oxuyan uşaqların hər biri bir neçə məktəb dəyişib. Məsələn, biz Xankəndindən məcburən çıxandan sonra Şuşa şəhərinə köçkün. 1992-c ildə yenidən müharibə oldu, Şuşadan Tərtərə köçdük. Tərtərdə artıq yenə ermənilər imkan vermədilər, biz yenidən Bakıya köçdük. Burdakıların hər biri çox əziyyət çəkib.Kimi Ağdama gedib, Ağdamdan yenidən köçmək məcburiyyətində qalıb. Kimi Xocalıya gedib, Xocalı faciəsini yaşayıb orda. Yəni bizim uşaqlığımızı ermənilər əlimizdən alıb məhv etdilər.
Bəli, mənfur rmənilər bu sinifin şagirdlərindən uşağlığının xatirələrini, bəzilərindən ailəsinin sağlamlığını, hətta canını alıb. Bu sinifin şagirdi olmuş Ruslan Cəsərov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Sinfin ən dəcəl qızı olan Süsən Cəbrayılova da ailə faciəsi yaşayıb. Xankəndindən çıxandan sonra Xocalıda məskunlaşan 12 yaşlı qızcığaz 26 fevral gecəsi həm sağlamlığını, həm də anasını itirib.
O deyir ki, 1983-cü ildə Xankəndindəki 4 saylı tam orta məktəbdə birinci sinfə getmişəm. 1988-ci ildə Xocalıda yerləşmişdik və 1992-ci ildə Xocalı faciəsini yaşamışıq. Anam şəhid oldu, mənimlə balaca qardaşım yaralandıq. Mənim arzum təkrar Xankəndinə qayıtmaq, oraları görməkdi. Çünki orda dünyaya gəlmişik, orda böyümüşük, ora bizim doğma yurdumuzdur.
O zamanlar Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətində mərkəzi şəhər olmasına baxmayaraq, Bilirsiniz ki, 1973-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaranmışdı, orda Xankəndində yeganə Azərbaycan məktəbi idi bu məktəb. Amma sual olunur ki, bizim şəhərimizdə niyə 1 Azərbaycan məktəbi olmalı idi ki?
İndi bizim ən böyük arzumuz odur ki, Azərbaycanın üç rəngli bayrağı Xocalıda, Xankəndində dalğalansın və bu orta məktəb Xankəndində fəaliyyət göstərsin. İndi artıq Xankəndində 10 Azərbaycan məktəbi olsun, 1 erməni məktəbi ola bilər.
Azərbaycan bayrağı Xocalıda da, Xankəndində də dalğalanacaq. Bu insanlar kimi, minlərlə Vətən həsrətiylə yaşayan azərbaycanlı sakinlər tezliklə öz doğma ev-eşiyinə qayıdacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ