24.04.2025, 22:48
AZ EN
17.07.2024, 10:52 391

Aslan nişanlı idi...

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan Mirzəyev Aslan Maqsud oğlunun doğum günüdür. O, 2000-ci il iyulun 17-də Naxçıvan şəhərinin Şərur rayonunun Xok kəndində anadan olub. İlk təhsilini 2006-2015-ci illərdə Məhəmməd Əliyev adına Xok kənd tam orta məktəbində alıb. 2018-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Hərbi xidmətinin son 3 ayında Xüsusi Təyinatlı Qüvvələrin snayper hazırlığı kurslarında iştirak edib.  2020-ci ilin yanvar ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində snayperçi vəzifəsində və əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayıb.

2020-ci ilin oktyabr ayının 10-da Aslan Mirzəyev İkinci Qarabağ Müharibəsinə qatılıb. O, Xocavənd, Füzuli, Hadrut, Daşaltı, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

Aslan Mirzəyev döyüş zamanı sərrast atışları ilə çoxlu sayda erməni quldurunu məhv edib, qolundan yaralansa da yoldaşlarının təkidinə baxmayaraq yaralı vəziyyətdə vuruşmağa davam edib. Vətən müharibəsində şücaətlər göstərən Aslan düşmənlə savaşın son günlərinə qədər vuruşub. O, Şuşa uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar  göstərib. Noyabr ayının 9-da Şuşada gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma Xok kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.   

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirzəyev Aslan Maqsud oğlu ölümündən sonra "Xocavəndin azad olunçasına görə", "Şuşanın azad olunmasına görə", " Vətən uğrunda" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.  
Şəhidimiz nişanlı idi.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Aslan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər