Bu haqda millət vəkili Kamal Cəfərov paylaşım edib.
“İkinci Qarabağ müharibəsi şəhidi Elxan Rzayev evin tək oğlu idi və nişanlı idi. Atası Aris dayı oğlunun toy mərasimi üçün də bütün hazırlığını görmüşdü. Elxan ali təhsilli idi, Qaraqaşlı kənd orta məktəbində informatika dərsi deyirdi. Hər bir şəhid ailəsində olduğu kimi, Elxanın da evində həmişə dərin hüzün var idi.
Bir neçə ay bundan əvvəl şəhidimiz Elxanın atası Aris dayı dedi ki, xoş xəbər var, yaxın zamanda Elxanın qardaşı dünyaya gələcək. Elxanın qardaşı dünyaya göz açdı və adını da Elxan qoydular. İnşallah adına da layiq övlad olacaq”, - deyə deputat qeyd edib.
Qeyd edək ki, Elxan Rzayev Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Elxan Rzayev “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. (APA)