Solmaz Sadıqova ömrünün gözəl çağlarını hazırda yaşadığı evində keçirib. Laçında yaşadığı illərdə bağça müəllimi kimi fəaliyyət göstərib. O, məlum səbəblər üzündən 36 yaşında 3 uşaq və ömür-gün yoldaşı ilə birgə Laçını tərk etməyə məcbur olub. Bir müddət çətinliklə yaşayan Qasımovlar ailəsi daha sonra Sumqayıt şəhərində evlə təmin olunub. Ötən ayın 27-də isə həyat yoldaşı ilə birgə 31 il həsrətində olduqları doğma yurdlarına ayaq basıblar.
Elbrus Sadıqov deyir ki, 31 il 17 gündən sonra mən Laçına ayaq basdım. Harda yaşasan da, Azərbaycanın hər qarış torpağı bizim vətənimizdir. Amma doğulduğun, böyüdüyün, gənclik illərinin keçdiyi o məkan başqa şeydi və əlavə edir ki, gəldim doğma torpağımı gördüm, gözəllik gördüm. Az bir zaman ərzində burada böyük quruculu, abadlıq, təmir işləri görüblər. Bizə belə gözəl şərait yaratdıqlarına görə dövlətimizə, Prezidentimizə minnətdarıq.
Doğma evlərini həmişə yuxularında gördüyünü deyən Solmaz xanım bildirir ki, həmişə yuxuda görürdüm ki, həyətimizdən su axır, yuxumu kiməsə danışanda, deyirdilər ki, su aydınlıqdır, yaxşıdır. Heç belə təsəvvür eləməzdik, burda hər şeyi gözəl yaradıblar. Allah bizə bir az ömür versin ki, bu doğma torpağımızda, bu səfalı yerdə yaşayaq, yaradaq.
“Uşaqlığımız, cavanlığımız burda keçib, yaxşı doslarımız, qonşularımız olub. Burda hamının ayaq izləri var”,- bunu isə Elbrus Sadıqov deyir.
Düşmənin viran qoyduğu evlərinin qısa zamanda bərpa edilərək onlara geri qaytarılmasını sevinclə qarşılayan Sadıqovlar ailəsi indi digər köçəcək laçınlıların yolunu gözləyir.
Qeyd edək ki, dövlət tərəfindən bu proses mərhələli şəkildə həyata keçirilir. Bir sözlə, təkcə Sadıqovlar ailəsinin deyil, ümumilikdə bütün qarabağlıların torpaq niskilinin sona çatmasına artıq çox az qalıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ