08.06.2025, 22:38
AZ EN
02.06.2023, 10:00 377

Həyatı filmə çevrilən Vüsal

XƏBƏRLƏR
  • Bu gün şəhid əsgər Vüsal Avtandil oğlu Məmmədovun doğum günüdür. O, 1997-ci il iyunun 2-də Bakı şəhərində anadan olub. 2 yaşında atasını itirib. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olub, daha sonra 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib. 2014-cü ildə Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olunub. 2019-cu il aprelin 1-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il oktyabrın 1-də xidmətdən tərxis olunmalı idi, amma...

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı cəsur  vətən oğulları kimi Vüsal da Azərbaycanın Zəfər yürüşünə qoşuldu.

Sentyabrın 26-da anasına fərəhlə zəng edərək, - “Döyüşə gedirəm ana, halallığını ver. Vətən bizi gözləyir”, deyib. Vüsal Aprel şəhidi Emin Bağırovun yaxın dostu idi. Eminin şəhid olması ona çox təsir etmiş, bu hadisədən mütəəssir olmuşdu. Anasına və dostlarına həmişə deyirdi ki, dostum Eminin və bütün şəhidlərimizin qisasını alacağam. Vüsal  Suqovuşan uğrunda gedən ağır döyüşlərdə mərdliklə savaşır. Döyüşdən sonra anasına zəng vuraraq deyib ki, ana, Eminin qardaşına de, dostumun qisasını aldım!

Beləcə Vüsal Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da, müalicə almaqdan imtina edir və yenidən döyüşlərə qayıdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə həmin qanlı döyüşlərin birində – oktyabrın 12-də qəhrəmancasına şəhadətə ucalır. Sonuncu dəfə anası ilə oktyabrın 6-da danışan Vüsalın nəşi uzun müddət sonra - noyabr ayının 28-də döyüş meydanından götürülür. Şəhidimiz böyük izdiham və ehtiramla
noyabrın 29-da Binəqədi qəsəbəsində Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.

Vüsal Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Vüsal hələ uşaq yaşlarından filmə çəkilmək arzusu ilə yaşayıb. Buna görə də, Şəhidimizin xatirəsinə böyük ehtiram olaraq onun haqqında “Cəsur ürək” adlı sənədli film çəkilib. Belə ki, film boyu Vüsalın səsi imitasiya edilib...

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər