26.12.2024, 07:10
AZ EN
07.03.2023, 08:48 160

Bu gün Yel çərşənbəsidir

XƏBƏRLƏR
  • Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan, külək oyanmış Suyu, Odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olmasıyla bağlı müxtəlif nəğmə,  əfsanə, rəvayət, mif, inanc və s. yaranıb.

Folklorşünaslarımızın dediyinə görə, Yel çərşənbəsində Yel əsərsə, təbiətdə ağaclar çiçək açar, ağacların çiçəkləməsi, artıq o deməkdir ki, tozlanma var, məhsuldarlıq var. Yelin olması qədim dünya görüşündə yel dəyirmanları hərəkətə gəlirdi, insanlar taxıl zəmilərindən topladıqları məhsulları yel dəyirmanında üyüdürdülər. Qədimdə Yel vasitəsilə insanlar yelkənli gəmidə uzaq səfərlərə çıxardılar. Bunlar hamısı isə küləyin vacib əhəmiyyəti ilə bağlıdır. Yel, Od, Su, Torpaq deyirik, əslində, bu dörd ünsürlər dünyanın yaranmasını rəmziləşdirir. Bilirik ki, dünya bu dörd ünsürün üzərindədir. Bu maddi ünsürlər dünyanın yaranmasının əsasını təşkil edir. İnsan da bu çərşənbələrlə, bunu qeyd etməklə, sanki dünyanın yaranmasını bayram edirlər. İnsan həyatın özünə münasibətini bu şəkildə, bu fəlsəfədə qoruyub saxlayır.

Folklorşünaslarımızın fikrincə, əski etiqadlara görə, torpağın altında qara nehirdə yatmış dörd cür külək yer üzünə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda Ay yel ağ, Qara yel qara, Xəzri göy, Gilavar qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü Yel bu dörd Yellə birləşib dünyanı dolaşır. Ərşi gəzib oyanmış Suyu, Odu hərəkətə gətirərək, yazın gəlməsindən xəbər verir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulqur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Qeyd edək ki,  Azərbaycanda ilaxır çərşənbə, yəni, torpaq çərşənbəsi martın 14-də qeyd olunacaq.  Azərbaycana yaz fəsli  martın 21-də Bakı vaxtilə  saat 01.24-də daxil olacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər