Bu gün Vətən Müharibəsi şəhidi, baş gizir Rauf Allahverdi oğlu Süleymanovun doğum günüdür. O, 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində neftçi ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından Vətənə, bayrağa sevgisi olan Rauf həmişə özü ilə Azərbaycan bayrağını gəzdirərdi. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini Daxili Qoşunların Bərdədə yerləşən "N" saylı hərbi hissəsində keçirib. Hərb sənətinə böyük marağı olan Rauf ordu sıralarından tərxis olunduqdan sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. Nümunəvi xidməti ilə çavuş, baş çavuş və baş gizir rütbələrinə yüksəlib. 2019-cu ildə Türkiyənin Foça şəhərində atış üzrə təlim keçən Rauf snayperçi kimi yüksək dərəcəli sertifikatla təltif olunub.
Şəhidin anası Sücaət Süleymanova deyir ki, Rauf hərb sənətini çox sevirdi: “Uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Türkiyəyə getdi, oxudu, diplomla qayıtdı. Sentyabrın 27-də müharibə başlanan kimi döyüşə atıldı. Hər gün danışırdıq. Deyirdi, ana, nigaran qalmayın, yaxşıyıq. Oktyabrın 3-dək hər gün danışırdıq telefonla. Sonra ona zəng çatmadı...”.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində R.Süleymanov cəbhənin müxtəlif istiqamətlərində vuruşaraq döyüş meydanında böyük şücaətlər göstərib. Sərrast snayperçi kimi düşmənin gizli döyüş mövqelərini məhv edib. Rauf komandirlərinin dediyi kimi, bölüyün görən gözü idi. Erməni cəlladlarına aman vermirdi. O, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə sərrast atışı ilə 60 erməni hərbiçisini məhv edib. Onun son döyüşü isə Cəbrayılda olub. Oktyabrın 5-də qanlı döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Sücaət Süleymanova deyir ki, Rauf hərb sənətini çox sevirdi: “Uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Türkiyəyə getdi, oxudu, diplomla qayıtdı. Sentyabrın 27-də müharibə başlanan kimi döyüşə atıldı. Hər gün danışırdıq. Deyirdi, ana, nigaran qalmayın, yaxşıyıq. Oktyabrın 3-dək hər gün danışırdıq telefonla. Sonra ona zəng çatmadı...”.
Şəhidin qardaşı Cavad Süleymanov Raufun mərd, vətənpərvər biri olduğunu bildirib. “Qardaşım yaxşı snayperçi idi. Onunla fəxr edirəm. Fəxr edirəm ki, torpaqlarımızın alınmasında qardaşımın da xidməti var”, - deyə o vurğulayır.
Rauf ailəli idi. Arzusu Vətəni bütöv, azad görmək, həmçinin ata olmaq idi. O, ata olmasa da, Vətəni azad edənlərdən biri oldu...
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD