Elvin Azər oğlu Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə Akif Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlananda Elvin Silahlı Qüvvələrimizin əsgəri kimi hərbi hissələrimizin birində xidmət edirdi.
Əsgər Elvin Qədirov müharibənin ilk günündən döyüşlərə qatıldı və qəhrəmancasna şəhadətə ucaldı. Müharibənin ilk, həlledici bir günündə bu cəsur əsgərin danılmaz xidmətləri var.
Elvin Qədirovun adı İkinci Vətən müharibəsinin Zaqataladan olan ilk şəhidi kimi tarixə yazıldı. Zəfər tariximizə öz qanıyla imza atan şəhidimiz böyük bir izdihamla doğma Zaqatalada doğulub boya-başa çatdığı kənddə torpağa tapşırıldı.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.
Atası deyir ki, Elvin üç övladından ortancılı idi. Yanvar ayında hərbi xidmətini başa vurub evlərinə qayıdacaqdı. Amma o vaxtından əvvəl Zaqatalanın ilk şəhidi kimi doğma kəndlərinə qayıtdı. Elvin də əmisi kimi Ağdam istiqamətində gedən döyüşlərdə şəhid oldu...
Atası onu da deyir ki, Elvin heç vaxt onun bir sözümü iki etməyib. Erkən yaşlarında zəhmətə alışmışdı. İdmanla məşğul olurdu.
Döyüş yoldaşı Pərvin Məmmədov Elvinin şəhid olduğu anlardan danışır. Deyir ki, Ağdamda strateji baxımdan çox vacib olan bir yol var idi. Bizim ordumuz o yolu bütün gücü ilə qoruyub saxlamağa çalışırdılar. Ermənilər isə bunun mahiyyətini bilərək oranı daimi artilleriya atəşinə tuturdular. Həmin artilleriya zərbələri zamanı, arxaya düşən raket zərbəsindən qopan qəlpələrdən biri Elvinin başının arxa hissəsinə dəydi və həmin anda, səngərdəcə şəhidlik zirvəsinə ucaldı. Pərvin deyir ki, Elvin əsil çöl adamı idi, nə qorxusu var idi, nə də ki, kimdənsə inciyib-küsməyi. Çox mehriban, hamıyla yola gedən, ən vacibi cəsur, qorxmaz bir əsgər idi...
Döyüş dostu onu da deyir ki, Elvin şəhid olacağını yuxuda görmüş və onlara danışmışdı.
Bu gün Vətən müharibəsinin qəhrəman əsgəri, şəhid Elvin Qədirovun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elvin balamız!
Mina RƏŞİD