Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əliyev Ramil Vüqarəddin oğlunun doğum günüdür. O, 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olub. Ramil Şirvanda 9 saylı tam orta məktəbdə təhsil alıb. Onun idmana həvəsi olduğu üçün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Fizikii Hazırlıq” fakültəsinə daxil olub. Ramilin arzusu kolleci bitirdikdən sonra İdman Akademiyasına qəbul olunmaq idi. 2015-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti dövründə o, “Pulemyot və Snayper atıcılığı” kursunu da bitirib. Ramil hərbi xidmətindən sonra İdman Akademiyasına daxil olaraq arzusuna çatıb.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən Müharibəsi Ramil Əliyevi könüllü olaraq cəbhəyə getməyə vadar edib. İllərdi bu günü gözləyən əsgər torpaqlarımızın azadlığı uğrunda müharibəyə böyük bir həvəs və qürurla yollanıb. Vətən müharibəsində sonadaək iştirak edən Ramilin ilk döyüş yolu Füzulidən başlayıb. Sonra Cəbrayıl, Hadrut, Qubadlı və Şuşada əlbəyaxa döyüşlərə qədər gedib çıxıb.
Vətənin igid oğlu Ramil Əliyev 29 oktyabr 2020-ci ildə Şuşa istiqamətində olan döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Vüqar Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD