Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.
Sonra gənclər İkinci Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın ruhu qarşısında baş əyiblər.
Daha sonra Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, Diaspor Gənclərinin IV Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqustun 12-18-də gerçəkləşdiriləcək. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəliyinə məxsusdur.
Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır.
Ötən il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Diaspor Gənclərinin I Yay Düşərgəsi 2018-ci ildə Şəkidə, “Nəsimi – 650” II Yay Düşərgəsi 2019-cu ildə Şamaxıda, “Şuşa – 270” III Yay Düşərgəsi isə 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilib. (AZERTAC)