Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə YAP Şuşa Rayon Təşkilatının inzibati binasında “Yaşıl dünya naminə həmrəy Azərbaycan” adlı tədbir keçirilmişdir. Tədbirdə Dövlət Himni səsləndirilmiş, iştirakçılar tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuşa rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva çıxışında bildirdi ki, Azərbaycan COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək. Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb. “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır”, - deyə dövlətimizin başçısının müraciətində qeyd olunub. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. COP29-un hazırlıq prosesi onu deməyə əsas verir ki, qarşıdakı illərdə yaradılacaq "yaşıl dünya"ya Azərbaycan özünün möhürünü vuracaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik". Təcrübə göstərir ki, bu cür mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin məntiqi nəticəsi xalqlar və dövlətlər arasındakı birlik və həmrəylinin möhkəmlənməsidir. Ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadı, xalqımıza layiq qonaqpərvərliklə doğrultmaq ümumi işimizə dəstək, qüdrətli Azərbaycan naminə həmrəylik nümunəsi olmalıdır. Tədbirdə iştirak edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirici çıxışlar etmişdir.
Hazırladı: Mina RƏŞİD