O, 1996-cı il mayın 4-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil alıb. 2017-2018-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.
Rauf 2020 -ci il iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komissarlığa gedərək könüllü orduya yazılıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ilk gündən döyüşlərdə iştirak etməyə başlayıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə manqa komandiri təyin olunub.
2020-ci il oktyabrın 23-də Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman düşmənlə əlbəyaxa döyüşdə onların bir neçəsini məhv edib. Elə həmin döyüşlərdə də qəhrəmancasına şəhadətə ucalıb.
Onun nəşi bir neçə gün neytral ərazidə qalıb. Şəhidimiz 2020-ci il oktyabrın 30-da Abşeron rayonu, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub.
Azərbaycanın qəhrəman oğlu Rauf İbadov ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasina görə” medalları ilə təltif edilib.
Atası İbad kişi deyir ki, Rauf uşaqlıqdan vətənpərvər idi. Bunu onun xarakterindən də hiss etmək olurdu. Övlad itirmək çətindir. Ancaq Vətəni, torpağı itirmək ondan da çətindir. Təsəllimiz odur ki, Şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız azad edildi. Üzümüz ağ oldu, təki Vətən sağ olsun, millət var olsun...
Vətən səni heç vaxt unutmaz, Şəhidim. Cənnətdəki doğum günün mübarək!
Mina RƏŞİD