Ali təhsil aldıqdan sonra Süleyman Zeynalov Ağdamda çıxan "Lenin yolu" qəzetinə redaktor təyin olunub, sonra o, rayon partiya komitəsinin ikinci katibi, rayon icraiyyə komitəsinin sədri, Ağdam şəhərindəki 1 nömrəli orta məktəbin direktoru vəzifələrində çalışıb.
Süleyman müəllim 1964-cü ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb və 1970-ci ildə Xankəndidə açılmış pedaqoji instituta dəvət olunaraq, tarix fakültəsinə rəhbərlik edib.
Təlim-tərbiyə problemləri, məktəbə rəhbərlik və nəzarət məsələlərinə dair 19 kitabın, 500-dən çox məqalənin müəllifi olan Süleyman müəllim böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi ilə qəlblərdə taxt qurub. O, "Qırmızı Əmək Bayrağı" ordeni, "SSRİ-nin maarif əlaçısı", "Qabaqcıl maarif xadimi" döş nişanları, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunub. "Qabaqcıl ali məktəb işçisi" döş nişanına layiq görülüb.
Süleyman müəllimin qəlbi mərhəmət hissi ilə zəngin idi. Çoxlarından fərqli olaraq kimsəsizlərə - o illərin ifadəsi ilə qeyd etsək, "dayısızlara" arxa durmağı, yıxılanı qaldırmağı bacarırdı Süleyman müəllim.
Hər hansısa tələbə qiymətlə bağlı narazılığı, digər problemi olanda Süleyman müəllimi axtarardı. Tələbələr həmişə əmin idi ki, "dar məqamda" Süleyman müəllim köməyini əsirgəməyəcək. Elə də olurdu.
Süleyman müəllim bütün varlığı ilə xeyirxahlıq, insanlara əl tutmaq, arxasızlara dayaq olmaq, nəciblik və fədakarlıq nümunəsi idi. Tələbələr və hətta müəllimlər belə ondan yüksək insani davranış qaydalarını öyrənirdilər. Süleyman müəllim sözün həqiqi mənasında mərdlik, kişilik, qəhrəmanlıq, şərəflə yaşamaq nümunəsi idi.
Səliqəli görkəmi, gülümsər siması, işgüzarlığı, incə yumorlu misalları, çevik təfəkkürü, yaradıcı təxəyyülü, maraqlı söhbətləri, yüksək nitq mədəniyyəti ilə çoxlarının fövqündə dururdu Süleyman Zeynalov.
Xankəndi Pedaqoji İnstitutunun məzunu olaraq 100 yaşı tamam olan Süleyman Zeynalov mənim hafizəmdə sadəcə tələbəsi olduğum fakültənin dekanı kimi qalmayıb. O, Qarabağ ağrılarının yükünü ən çox daşıyan Ağdamın əzəmətli və qüdrətli, tədbirli və qeyrətli kişilərindən biri olaraq qəlbimdə bir abidə kimi ucalıb. Xankəndi Pedaqoji İnstitutundakı mühazirələrində nə demişdi, nə yazdırmışdı, o qədər də yadımda deyil. Hafizəmdən silinməyən isə odur ki, Süleyman müəllim davranışı, əxlaqı, rəhbərlik metodu və bir də bütün varlığı ilə azərbaycançılıq məfkurəsinin daşıyıcısı olaraq bizə müəllim olmaqdan çox, əsl Azərbaycan vətəndaşı olmağı öyrətmişdi.
Tələbəlik illərindəki xətalarımıza görə bizləri məhşər ayağına çəkməzdi, erməni ayağına verməzdi Süleyman müəllim, müdrikliyi, ağsaqqallığı yetərdi düz yola yolçu olmağımıza.
Tələbələrinin - gələcək nəslin milli-mənəvi dünyasının kamilləşməsinə, milli düşüncələrinin formalaşmasına Süleyman müəllim yorulmadan zəhmət sərf edirdi. O, ciddi olduğu qədər də sadə idi. Dərs zamanı biz onu dinləməkdən yorulmazdıq, əksinə, qəlbimizdə gələcəkdə onun kimi müəllim olmaq hissləri baş qaldırardı.
Süleyman müəllim qeyrətli, əxlaqlı, təəssübkeş Azərbaycan kişisi idi. İnstitutun erməni millətindən olan idman müəllimi azərbaycanlı qız tələbələri "yarıçılpaq" idman forması geyinməyə məcbur edəndə, bu məsələni hədələrlə, keçmiş SSRİ-nin normativ sənədləri ilə rektor qarşısında qoyanda, o da qarşısında Ağdamın qeyrətli kişisi Süleyman Zeynalovu görmüşdü və azərbaycanlı tələbə qızlar istəklərinə - milli mentalitetimizi uyğun idman geyimində idman dərslərinə davam etmişdilər.
Süleyman müəllim Xankəndi Pedaqoji İnstitutundakı erməni millətçilərinin pərdəarxası məkrli oyunlarına müdrikliyi, zəngin dünyagörüşü, siyasi sayıqlığı ilə, məharətlə sinə gərərək, daşnak tör-töküntülərinin gözlərinə "ox olub batan" Ağdam və digər rayonlardan instituta işləməyə gələn müəllimləri də qorumağı bacarırdı.
Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı, sözün həqiqi mənasında böyük ziyalı və pedaqoq olan Süleyman Zeynalovun institutda gözə görünməyən, lakin hər addımda adamı cənginə ala biləcək erməni fitnə-fəsadlarından bizlərin - həm tələbələrin, həm müəllimlərin qorunmasında dəyərli və taleyüklü xidmətləri olub.
Süleyman müəllim Xankəndi Pedaqoji İnstitutundakı millətçi ermənilər üçün arzuolunmaz idi. Onlar Süleyman müəllimin varlığında institutda dolaşan Ağdamı - sevmədikləri, qorxduqları, çəkindikləri, sabahkı Qarabağ iddialı iyrənc niyyətlərinin qarşısında sipər olacaq Ağdamı görürdülər.
Dörd illik tələbəlik həyatımızda - istər institutda, istərsə də pambıq və üzüm yığımında Süleyman müəllimin dilindən bir kəlmə olsun ağır, nalayiq söz çıxmadı. Hərdən yolumuzu azanda belə, təhqir eşitmədik, fəqət, adamı qılınc kimi kəsərək düz yola səsləyən sözlərini həzm eləmək də çox çətin idi. Sonradan bilərdik ki, bu böyük pedaqoq, zəngin biliyə malik alim bizi nələrdən qoruyub, pedaqoji məharəti ilə həyatımızı məhv edəcək bəlalardan qoruyub.
...Günlərin birində Süleyman müəllimin də dilindən söyüş də çıxdı və o da əl qaldırdı. 1988-ci ilin may ayında Xankəndi Pedaqoji İnstitutuna ermənilər hücum edərək azərbaycanlı tələbələri fiziki və mənvi təzyiqlərə məruz qoyanda ermənilər yenə da qarşılarında heç vaxt arzulamadıqları və həmişə qorxduqları Ağdamı - Süleyman Zeynalovu və onun azərbaycanlı müəllimlərdən ibarət komandasını gördülər. Qara əllər azərbaycanlı qızlara uzananda Süleyman müəllim hər bir azərbaycanlı qızını öz övladı bilərək erməni qudurğanlığıma dözə bilmədi və əsl ağdamlı kimi cavab vermək zorunda qaldı - yolunu azmış saqqallılara əl də qaldırdı, söyüş də söydü. Bu, Süleyman müəllimin Xankəndidəki Pedaqoji İnstitutda "son mühazirəsi" idi. Bu "mühazirə" ilə Süleyman müəllim sanki Azərbaycan xalqının mənfur düşmənlə üz-üzə dayandığını bəyan edərək xalqımızı çətin mübarizəyə hazır olmağa səsləyirdi. Bu "mühazirə" həm də Süleyman müəllimin 4 ildə görünməyən ucalıqlarını, əzəmətini, nəhəng qeyrətini bəyan etdi. Bu "mühazirə" ilə Süleyman Zeynalov əzəmətli Ağdama bir daha başucalığı gətirdi.
...100 illik yubileyi ərəfəsində mənim də boynumda haqqı olan Süleyman Zeynalovun məzarını ziyarət edərək, külli-Qarabağa, o cümlədən, mənə olan qayğısına görə halallıq istədim, böyük pedaqoqa "məkanın cənnət olsun", - dualarımı edərək çox təəssüfləndim ki, Ağdamın işğaldan azad günlərini və bir də uzun illər rəhbərlik etdiyi 1 nömrəli məktəbin yeni binasını görmək qəlblərdə taxt qurmuş bu böyük qəlb sahibinə nəsib olmadı.
Hikmət XUDİYEV (CƏMİLZADƏ)
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik
“525-ci qəzet”, 2024-cü il, 24 dekabr, № 236 (6524).