25.04.2025, 15:14
AZ EN
21.04.2023, 15:08 225

El-obamız yada düşər, ağlaram...

XƏBƏRLƏR
  • Naxçıvanın Kəngərli rayonunun Çalxanqala kəndinin digər rayonlardan fərqi burada Qərbi Azərbaycandan deportasiya olunmuş 2  mindən çox soydaşımızın məskunlaşmasıdır. Kəndin 2163 nəfər əhalisi var. Kənd camaatı bildirir ki, burada Qərbi Azərbaycanın 20-yə yaxın kəndindən olan 300-dən çox ailə yaşayır. Onlar öz adət-ənənələrini burada da qoruyub saxlayırlar. Soydaşlarımız əsasən əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olurlar.

Aylar ötdü, illər ötdü, qocaldım,

Əməyimlə zirvələrə ucaldım

Ömrümün çoxunu dağlarda qaldım

El-obamız yada düşər, ağlaram.

 

Gömura bağlıyam uşaq yaşımdan,

Sevgim qalıb torpağımda, daşımda

Çox olmuşam sərin bulaq başında

Elim-obam yada düşər, ağlaram...

1988-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalından  deportasiya edilən Gömur kənd sakini Yusif Səmədov bu şeiri doğma yurd yerlərinin həsrətiylə yazıb. O, Gömur kəndində atasından miras qalan arıçılıqla məskunlaşdığı Çalxanqalada da məşğul olur. Hazırda 90-dan çox arı ailəsi saxlayır. Deyir ki, arıçılıq Kömur kəndində dədə-babadan qalan məşğuliyyət növlərindən biridir.

Hər gecə yuxusunda gənclik illərində gəzib-dolandığı o gözəl yerlərə dönən Yusif kişinin ən böyük arzusu doğma Vətənə qayıtmaq və orada yaşayıb yaratmaqdı...

Tamara Səmədova da, 35 ildir doğulub boya-başa çatdığı kəndin həsrəti ilə yaşayır. O, 1988-ci ildə Yusif kişi ilə doğma ocağını tərk etmək məcburiyyətində qalıb. İndi sac asıb kətə bişirən Tamara xalanın xəyalı ötən illərə qayıdır. Deyir ki, ilin bu vədəsində qız-gəlinlə dağların o can dərmaı olan bitkilərindən yığar və kətə bişirərdik. Gömür daha çox qırxbuğum kətəsi ilə məşhur idi...

“O yerlərdə gözəl pencər olardı, yığardıq, bişirərdik. Gün o gün olsun öz yurdumuza qayıdaq və yenə də sac asaq, ocağımızı yandıraq”.

Qurbanovlar ailəsi isə 1988-ci ildə Gülüstan kəndindən zorla çıxarılanlardandır. Ailə baççısı Ağalar Qurbanov kimya-biologiya müəllimidir. Deyir ki, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya mətnini dönə-dönə oxumuşam. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən və beynəlxalq qurumlara ünvanlanan haqlı tələblər Qərbi azərbaycanlı kimi bizim də ürəyimizdən xəbər verir. “Prezidentin çıxışlarına, müsahibələrinə baxdıqca düşünürük ki, onun ürəyi həmişə bizimlə döyünüb. Ölkə başçımız da, çalışır ki, biz doğma Vətənimizə qayıdaq”.  

Ağlar müəllimin ömür-gün yoldaşı Züleyxa Qurbanova doğma Gülüstan kəndindən onlara yadigar qalan bir   şəkil göstərir. Deyir ki, bu şəkli o vaxt atamgildə bizə gələn naxçıvanlı qohumlarla birgə çəkdirmişik. Züleyxa xala demək istəyir ki, kaş biz də elə Naxçıvana qonaq gəlib yenidən doğma Gülüstana qayıdaydıq...  

Qurbanovlar ailəsi təkcə yurd yerlərindən əmanət olan şəkilləri deyil, həm də qiymətli bir xalçanı da illərdi əzizləyib gözbəbəyi kimi saxlayırlar. Dərələyəz dağlarının bitgilərindən rəng alan bu qiymətli xalça onlara dədə-babadan yadigar qalıb. Üstündən illər ötsə də, xalça bu gün yenə təbii gözəl rənglərilə gözəlliyini itirməyib.

Qərbi azərbaycanlıların məktəbi

Qərbi Azərbaycandan olan soydaşlarımızın övladları Çalxanqalanın müasir məktəbində təhsil alırlar. Onlara dərs deyən müəllimlərin arasında Qərbi Azərbaycandan olan, özləri bir tarix yaşayan müəllimlər də var. Onlar şagirdlərinə Qərbi Azərbaycanın tarixini öyrətməklə bərabər, onlara Vətən sevgisinin, yurd həsrətinin nə demək olduğunu da aşılamağa çalışırlar...   

Aşıq Ələsgərin ruhu

Çalxanqala kəndində uşaqların musiqiyə də  marağı böyükdü. Çünki onların genetik yaddaşında qədim Göyçə mahalının söz ustadı Aşıq Ələsgərin ruhu yaşayır. Saza-sözə könül verən balaca soydaşlarımızı dinlədikcə bir daha bu qənaətə gəlirsən...   

Musiqi məktəbinin Tar musiqi aləti üzrə müəllimi Röyşan Məmmədov deyir ki, arzumuz budur tezliklə Qərbi Azərbaycana qayıdaq və doğma torpaqlarımızda aləmə səs salan konsert proqramları ilə çıxışlar edək!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər