21.11.2024, 18:34
AZ EN
18.04.2022, 09:00 583

Qarabağda və Şərqi Zəngəzurda yeni iqtisadiyyat bərqərar olacaq

XƏBƏRLƏR
  • 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində xalqımız növbəti dəfə İlham Əliyevə yüksək etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab Prezident haqlı olaraq deyirdi: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!".

Bu fikirlər AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Azərbaycan” qəzetində dərc edilmiş “Müzəffər Komandanın quruculuq missiyası” başlıqlı məqaləsindəndir. Müəllif qeyd edir ki, ötən 4 ildə də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələr və inkişaf yolu keçdi, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı, torpaqlarımız düşmən işğalından azad olundu.

Müharibədən dərhal sonra Azərbaycan hökumətinin Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinə başladığını, faktiki olaraq, postkonflikt ərazilərin bərpasının və yenidən qurulmasının dövlətin strateji hədəfinə çevrildiyini vurğulayan A.Musayev yazır: “Heç təsadüfi deyil ki, "İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" Azərbaycan hökumətinin 2021-2030-cu illər üzrə müəyyən etdiyi beş milli prioritetdən biri olaraq qəbul edilmişdir. Eyni zamanda bərpa və yenidənqurmanın instutisional əsasları hazırlanmışdır... Qələbədən dərhal sonra ilk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin bir neçə xüsusi batalyonu və Fövqəladə Hallar Nazirliyinin Bərdə şəhərindəki Xüsusi riskli Minalardan Təmizləmə Alayı tərəfindən icra olunmaqla Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılmışdır. Bu günə qədər təxminən Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Xocavənd rayonlarında on min hektarlarla sahə təmizlənib istifadəyə verilmişdir.

Füzuli Beynəlxalq Hava Limanı inşa olunmuş, Zəngilan və Laçın Hava limanlarının inşası ilə bağlı işlər isə davam etdirilməkdədir. Hazırda Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 km) tikintisi gedir. Eyni intensivliklə digər 11 istiqamət üzrə avtomobil yollarının da tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 20 meqavat olan "Güləbird", "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su-Elektrik stansiyaları təmir edilərək istismara verilib. Qarabağ və Şərqi Zəngə-zurda 9 rəqəmsal yarımstansiya, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında "Ağdam-1", "Ağdam-2" və "Cəbrayıl" yarımstansiyalarının, həmçinin "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Daşaltı Turizm İnkişaf Konsepsiyası əsasında Daşaltı Memarlıq Planının, Tuğ Turizm İnkişaf Konsepsiyası əsasında isə Tuğ Memarlıq Planının icrasına başlanılıb.

İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası çərçivəsində icra edilən və artıq yekunlaşdırılan "Ağalı ağıllı kəndi"ndə baş tutacaq. Zəngilan torpaqlarının daha çox minalardan təmizlənməsi bu rayonda "ağıllı kənd"in tikintisi və "Dost aqropark"ın salınması ilə bağlıdır. Aqroparkda birinci mərhələdə 4 min baş cins qaramal yetişdiriləcək, 6 min hektar sahədə əkin aparılacaq. Enerji sahəsində həyata keçirilən digər vacib layihə Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin yaradılmasıdır. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə avtomatlaşdırma hesabına insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığı artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri məhdudlaşdırmağa imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə daşınmaz əmlak və infrastruktur obyektlərinin ilkin inventarlaşdırılmasının aparılması, məlumatların toplanması və idarə edilməsi məqsədilə istifadəyə verilmiş Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə 31 dövlət qurumu və təşkilatından 30 dövlət qurumunun qoşulması, 30 qurum və təşkilata sistemdə işləməklə bağlı təlimlərin keçirilməsi, 23 qurum tərəfindən məlumatların sistemə daxil edilməsi, digər aidiyyəti dövlət qurumları və təşkilatlarının da sistemə qoşulması istiqamətində işlərin davam etdirilməsi rəqəmsallaşma sahəsində yeni imkanlar yaradır.

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 990 müraciət daxil olub ki, onun da 663-ü yerli, 327-si xarici müraciətlərdir. Layihələrin 440-ı investisiya layihəsi, 550-i isə digər iş və xidmətlərlə bağlıdır. Daxil olan müraciətlərin 27 faizi tikinti işlərini, 27 faizi ticarət və xidmət sahəsini, 21 faizi sənayeni, 18 faizi kənd təsərrüfatını və digər 7 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.

AMEA İqtisadiyyat İnstitutu Qarabağda yeni iqtisadiyyat quruculuğu prosesinə elmi dəstək vermək üçün dövlət qurumları ilə yaxından əməkdaşlıq edir. Belə ki, İqtisadiyyat Nazirliyinin sifarişi ilə AMEA İqtisadiyyat İnstitutu tərəfindən həyata keçirilən "Postkonflikt ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstün sahələrinin müəyyənləşdirilməsi" layihəsi yekunlaşmaq üzrədir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyat quruculuğu və tikinti-bərpa işləri müasir standartlar, yenilikçi meyillər və unikal istehsal üsullarını əhatə etməlidir. Bu baxımdan da həmin ərazilərdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın innovativ xarakter daşıması zəruridir”.

Azərbaycanın Qarabağı azad və innovativ iqtisadiyyat mərkəzinə çevirmək imkanları olduğunu qeyd edən A.Musayev yazır: “Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün müqayisəli üstünlükləri yaradır. Qarabağın regionun elektronika sənayesi, İKT xidmətləri və ticarət-logistika mərkəzinə çevrilməsi imkanları var. Burada elektronika və İKT xidmətləri üzrə laboratoriyaların, beyin mərkəzlərinin, qeyd olunan istiqamətlərdə ixtisaslaşmış Startap inkubatorlarının yaradılması məqsədəuyğundur. Qeyd olunan istiqamətlər Qarabağda qurulacaq "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik" konsepsiyalarının reallaşması və gələcək inkişafı baxımından da əhəmiyyətli hesab olunur.

Ümumiyyətlə, təhlil göstərir ki, vergi güzəştləri, maliyyə yardımı, güzəştli kreditlər və ödənişsiz torpaq sahələri, eləcə də, ixrac-idxal prosedurları və sertifikatlaşdırmanın sadələşdirilməsi sahibkarların investisiya yatırmaqda əsas gözləntilərini ifadə edir. Sahibkarların qeyd olunan istək və gözləntilərinin nəzərə alınması işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadiyyat quruculuğunun sürətli inkişafını təmin etməklə yanaşı, dövlət-özəl münasibətlərinin effektiv təşkilinə (qurulmasına) şərait yaradacaqdır. Dövlət postkonflikt ərazilərin bərpa və yenidən qurulmasında və ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyasında özəl sektorun və xarici sərmayələrin iştirakını stimullaşdırmaq məqsədilə geniş spektrli güzəşt paketlərinin hazırlanmasını və tətbiqini nəzərdə tutur. Dövlət Qarabağda yeni iqtisadiyyat quruculuğu prosesində sahibkarların bilavasitə yaxından iştirakında, eləcə də məşğulluğun, məskunlaşmanın, təhlükəsizliyin, məmnunluğun, etimadın, cavahdehliyin, müasirliyin, maliyyə təminatının, effektiv reinteqrasiyanın, minimum regional liderliyin təmin olunması və qlobal dünyanın çağırışlarına cavab verən iqtisadiyyat quruculuğunda maraqlıdır. Bu istiqamətdə təşviq tədbirləri həyata keçiriləcək, səmərəli dövlət-özəl sektor əməkdaşlığı qurulacaq ki, son nəticədə regionun sosial-iqtisadi inkişafına nail olunsun”.

Oxşar xəbərlər