05.02.2026, 16:42
AZ EN
05.02.2026, 14:31 23

MİDA rəsmisi: Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsində 456 mənzil inşa edilib

XƏBƏRLƏR
  • Türkiyənin Kahramanmaraş bölgəsində inşa olunan "Azərbaycan" yaşayış məhəlləsində ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı deyib.

MİDA rəsmisi məlumat verib ki, məhəllənin ümumi sahəsi 27,6 hektar təşkil edir:

"Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1 194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1 595 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Məhəllənin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının da tikintisi tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir və hamısı 4 mərtəbəlidir".

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürü olaraq Azərbaycan zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib.

Aidiyyəti dövlət qurumları və xalqımız tam gücü ilə bu işə səfərbər olub.

Belə ki, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin təklifi ilə "Azərbaycan bulvarı"nın da yerləşdiyi ərazisi "Azərbaycan Məhəlləsi" adlandırılıb.

Qeyd edək ki, XXI əsrin fəlakəti sayılan dəhşətli zəlzələdən artıq 3 il keçir. Ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 2023-cü il fevralın 6-da 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətini və qonşu dövlətləri belə silkələyib. Bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina yerlə-yeksan olub. (Report)

Oxşar xəbərlər