18.06.2025, 21:23
AZ EN
20.10.2022, 07:00 638

Bu gün Azərbaycanda energetiklər günüdür

XƏBƏRLƏR
  • Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. 18 ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır. Belə ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra 30 ilə yaxın düşmən tapdağında qalan şəhər və kəndlərimizdə od-ocağımız yenidən közərdi, işığımız yandı. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 19-da 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti - quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib. “Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müştərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarında, həmçinin alternativ və bərpa olunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.

Prezident İlham Əliyevin 2022–ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkənin elektrik enerjisi üzrə ixrac potensialının 1000 meqavatdan 5000 meqavata çatdırılması barədə tapşırığına uyğun olaraq, “Azərenerji” tərəfindən müvafiq araşdırmalar aparılıb, ilkin razılaşmalar əldə edilib.

İşığımız daim gur yansın. Bayramınız mübarək!

Mina RƏŞİD

Oxşar xəbərlər