"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən bildirilib ki, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.
Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.
Xatırladaq ki, inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib.
Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir. Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası və müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb.
Beynəlxalq standartlara uyğun olaraq hava limanında: - CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı quraşdırılıb; uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılıb; avtomatlaşdırılmış HHİ sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi (HHİ) inşa edilib; birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılıb; hava limanının elektrik təminatı yarımstansiyaları da inşa olunub.
Zəngilan rayonunda beynəlxalq hava limanının cari ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulur. (AZƏRTAC)